Cənubi Afrika Respublikasının dövlət başçısı Jacop Zuma dünən dekabrın 5-də dünyasını dəyişmiş eks-prezident Nelson Mandelanın 15 dekabrda torpağa tapşırılacağını bildirib. Ölkədə bayraqların bu gündən etibarən endirildiyini söyləyən Zuma 10 günlük matəm elan edib.
Novoye-Vremya.com xarici KİV-lərə istinadən xəbər verir ki, dövlət başçısı Jacop Zuma 95 yaşında vəfat etmiş Mandelanın Yohannesburqdakı evini ziyarət edib. Bundan əlavə xarici mətbuat xəbər verir ki, Nelson Mandelannın dəfn mərasimində bir çox ölkələrin dövlət başçıları və siyasətçiləri iştirak edəcəklər. Maraqlısı odur ki, Mandelannın vida mərasiminə İran İslam Respublikasının keçmiş prezidenti Mahmud Əhmədinejatın da qatılacağı gözlənilir.
Xatırladaq ki, Mahmud Əhmədinejat bir müddət əvvəl Venesuella lideri Uqo Çavesin vida mərasinmdə də iştirak etmişdi. Əhmədinejat, Çavesin axır zamanda zühur edəcək Həzrəti İsa və Həzrəti Mehdi ilə birlikdə dünyaya qayıdacağını da bildirmişdi.
Qeyd edək ki, 27 il həbs həyatı yaşamış, dünyanın ən məşhur məhkumu olan Mandela doğum yeri Şərq Cape əyalətindəki Qunu kəndində torpağa veriləcək. Əsgər və polislər Qunuda geniş təhlükəsizlik tədbirləri almış vəziyyətdədirlər. Mandelanın nəşi hal-hazırda paytaxt Pretoriyadakı 1 Military Xəstəxanasındadır.
.