"Qlobal Media Forumunda bir sıra vacib məsələlər müzakirə olundu".

Bunu Şuşada “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” Qlobal Forumunun yekunları ilə bağlı jurnalistlərə açıqlamasında Media İnkişaf Agentliyinin icraçı direktoru Əhməd İsmayılov deyib.

O bildirib ki, Forumda rəqəmsal media mühitində transformasiya, media mühitinin müzakirələri və süni intellektin jurnalistikaya, media sahəsinə təsiri müzakirə olunub: "Çap mediası, ənənəvi media və yeni media arasındakı fərqlər və yeni media dövründə bizim ənənəvi mediamızın, dünyadakı ənənəvi medianın rolu və bundan sonrakı fəaliyyət istiqamətləri üzrə dərin müzakirələr aparıldı. Forumun ilk günündə Prezident İlham Əliyevin iştirakı çox böyük əhəmiyyət daşıyırdı. Forum iştirakçılar tərəfindən də böyük rəğbət və maraqla izlənildi. Üç saata yaxın vaxt ərzində 60-dan çox yerli jurnalistin, media subyekti rəhbərlərinin sualları cavablandırıldı. Azərbaycan Prezidenti çıxışında Azərbaycanda media sahəsində islahatların istiqamətlərini də müəyyən etmiş oldu".

Əhməd İsmayılovun sözlərinə görə, Şuşa Qlobal Media Forumunun əsas məqsədi müasir mediada gedən proseslərin daha dəqiq izlənilməsi, müzakirə olunması, fikir mübadilələrinin aparılmasıdır. O bildirib ki, forum çərçivəsində media savadlılığının dezinformasiyaya qarşı mübarizə üsulu kimi əsas istiqamət olduğu vurğulanıb və bununla bağlı media ekspertləri ilə təcrübə mübadiləsi həyata keçirilib: "Belə bir forumların keçirilməsinin əsas məqsədi məhz Azərbaycan mediasında, ictimaiyyətində də media savadlılığı sahəsində həyata keçirilən prosesləri dünyada gedən proseslərə inteqrasiya etmək və vahid şəkildə tətbiq etməkdir".

.