
Bu gün Türkiyə baş nazirinin səlahiyyətlərini icra edən, Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Əhməd Davudoğlu ilə Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu arasında koalisya hökumətinin qurulması ilə bağlı həlledici görüş keçiriləcək.
"Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb. "Ankara Palace"də otelində keçiriləcək görüş Bakı vaxtı ilə saat 16.00-da başlayacaq.
Qeyd edək ki, koalisiya hökumətin qurulması üçün sonuncu görüş avqustun 10-da olub. Bu günkü görüşdə isə hökumətin qurulması ilə bağlı yekun qərarın qəbul ediləcəyi gözlənilir.
Koalisya hökumətinin qurulması müddəti isə avqustun 23-də başa çatır. Həmin tarixədək hökumət qurulmasa, o zaman növbədənkənar parlament seçkiləri keçiriləcək.
Xatırladaq ki, parlament seçkiləri bu il iyunun 7-də keçirilib. Türkiyə Böyük Millət Məclisinə 25-ci çağırışda AKP 258, CXP 132, Milliyətçi Hərəkat Partiyası (MHP) 80, Xalqların Demokratik Partiyası (HDP) 80 millət vəkili ilə təmsil olunur.
Məclis 550 deputatdan formalaşır.
.