Bu ilin I yarısında əhali 137,2 mln manatlıq dərman preparatı və tibbi ləvazimat alıb. Dərman xərcləri 2013-cü ilin eyni dövrü ilə müqayisədə 16,7% artıb, deyə Dövlətstatkomda Turan-a bildiriblər.
Pərakəndə satış strukturunda dərmanların payı 1,3%-dir.
Gömrük Komitəsinin məlumatına görə, yanvar-iyunda Azərbaycana bəyannamə qiyməti $116 mln olan dərman idxal edilib. Qiymət ifadəsində idxal 4% azalıb. İdxal portfelində dərmanların payı I yarımildə 2,8% olub.
Azərbaycanda səhiyyə dövlət büdcəsində subsidiyalaşdırılır: bir sıra dərman preparatları xəstələrə pulsuz verilir.
DSK-nın məlumatına görə, dərman preparatlarının pərakəndə qiymətləri yanvar-iyunda 2013-cü ilin eyni dövrü ilə müqayisədə 0,2% azalıb.
Yerli dərman istehsalı cüzidir: ilin I yarısında 2 mln 179,3 min manatlıq dərman istehsal edilib. Bu, 2013-cü ilin eyni dövründəkindən 4,3% azdır.
.
