“Əfqanıstan “Taliban” hərəkatının diktaturasını qəbul etmir”.

Bunu Əfqanıstanın vitse-prezidenti Əmrulla Saleh “India Today” telekanalına müsahibəsində deyib.

Ə. Saleh bildirib ki, onlar Əfqanıstanın Talibanistana çevrilməsini istəmirlər: ““Taliban”ın istədiyi olmayacaq. Biz danışıqlara üstünlük veririk, lakin danışıqların mənası olmalıdır”.

Onun sözlərinə görə, taliblərin Pəncşirin bir hissəsini nəzarətə götürdüklərinə dair iddiaları tam yalandır: “Biz vəziyyətə nəzarət edirik. İnsanların mənəvi ruhu çox yüksəkdir. İnsanlar arasında konsensusa nail olduq. Onlar müqavimət ruhunu satmağa hazır deyillər. Biz konstruktiv danışıqlara hazırıq. Eyni zamanda, əgər danışıqlar uğursuzluğa düçar olacaqsa, müqavimət göstərməyə də hazırıq”.

Vitse-prezident əlavə edib ki, danışıqlar maskalanmış kapitulyasiya mənasını ifadə etmir.

Qeyd edək ki, Pəncşirdə məskunlaşan Ə. Saleh özünü ölkənin müvəqqəti prezidenti elan edib.

.