Mühafizə Xidmətinin (XDMX) "Betta" dəstəsinin zabiti, hazırda həbsdə olan baş leytenant Asif Lətifovun adından əfv ərizəsi yazılıb. Bu barədə yenizaman.az-a Asif Lətifovun anası Gülnaz Lətifova məlumat verib. Onun sözlərinə görə, aprelin 3-də Asif Lətifovun cəza çəkdiyi 9 saylı kolonun xüsusi şöbəsinin rəisi Asif Lətifovu yanına çağırıb: "Şöbə rəisi Asif Lətifova deyib ki, Ədliyyə Nazirliyindən onun müraciətinə cavab gəlib. Asif nazirliyə hər hansı müraciət etmədiyini bildirib. Amma yenə də maraq üçün nazirlikdən gələn sənədə baxıb. Məlum olub ki, Asifin adından əfv edilməsi üçün ərizə yazılıb. Həmin ərizə Ədliyyə Nazirliyi monitorinq qrupu tərəfindən araşdırılıb və Asifin cəzasının yarısını çəkmədiyinə görə, onun əfv edilməsi məqbul sayılmayıb. Biz bilmirik ki, Asif Lətifovun adından kim ərizə yazıb. Asifin özü də bu barədə kolon rəisinə fikirlərini çatdırıb. O, sifarişlə həbs olunduğunu, hər hansı cinayət törətmədiyini və özünü cinayətkar saymadığını və buna görə də əfv ərizəsi yazmadığını bildirib". Gülnaz Lətifova onu da bildirib ki, artıq Ali Məhkəmə Asif Lətifovun kassasiya şikayətinə baxıb. Məhkəmənin qərarı nəticəsində onun işindən 1 il azaldılıb. Asif Lətifov 17 il XDMX-nin "Betta" dəstəsində xidmət edib. Baş leytenant olan Asif Lətifov bu müddətdə dəfələrlə müxtəlif mükafatlarla təltif olunub. O, 2011-ci ilin martında Mülki Məcəllənin 156-cı (xidməti uyğunsuzluq) maddəsi ilə işdən çıxarılıb. Asif Lətifov işdən çıxarılmasının səbəbləri barədə keçirdiyi mətbuat konfranslarında bəyan edib ki, o, XDMX-nin rəhbəri general Vaqif Axundov qanunsuz əməllərinə etiraz etdiyinə görə hədəfə gəlib. Baş leytenant bildirib ki, çalışdığı qurumda hər ay işçilərdən qanunsuz olaraq pul yığılıb. Lakin o, bu pulu verməkdən imtina edib. Bundan sonra rəhbərlik onu qanunsuz olaraq işdən çıxarıb. Asif Lətifovun bu açıqlamalarından sonra əvvəlcə Baş Prokurorluq Asif Lətifova qarşı Cinayət Məcəlləsinin 228-ci (qanunsuz sialh-sursat saxlamaq) və 232-ci (səlahiyyət həddini aşmaq) maddələrilə cinayət işi başlayıb. Daha sonra iş hərbi prokurorluğa verilib. Bu il yanvarın 29-da hərbi tribunal A.Lətivoun 5 il yarım müddətinə azadlıqdan məhrum edilməsi haqda qərar çıxarıb. Asif Lətifovun həbsilə bağlı Freedom House, Amnesty İnternational, Human Right Watch və BMT-yə məlumat verilib. Həmin təşkilatlar bu məsələni diqqətdə saxlayır və Asif Lətifovun hüquqları uğrunda mübarizəyə görə siyasi sifariş əsasında həbs olunduğu qənaətindədirlər. Bundan əlavə Beynəlxalq Hüquq Araşdırmaları Təşkilatı da Asif Lətifovu vicdan məhbusu elan edib.
Namiq Cəfərli
