2017-ci ilin birinci rübündə Azərbaycanın milli valyutası neftin 1 barelinin 50-55 dollaradək bahalaşması hesabına möhkəmlənib. 

"APA-Economics" xəbər verir ki, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (European Bank for Reconstruction and Development, EBRD) "Regional Economic Prospects" adlı hesabatında deyilir.
Sənəddə qeyd edilib ki, rüb ərzində illik inflyasiya 13,2%-dək sürətlənib.
Bankın analitiklərinin proqnozlarına əsasən, sərt pul-kredit siyasəti, manatın likvidliyi ilə bağlı çətinliklər, bank sektorundakı konsolidasiya prosesi səbəbindən 2017-ci ildə kreditləşmə aşağı səviyyədə qalacaq. Bununla yanaşı, EBRD qeyd edir ki, Azərbaycanın valyuta ehtiyatları (2016-cı ilin sonuna 37,1 mlrd. dollar) kifayət qədər yüksək səviyyədədir.

EBRD Azərbaycan üzrə proqnozunu dəyişib

Avropa Yenidənqurma və İnkişaf Bankı (European Bank for Reconstruction and Development, EBRD) bu il Azərbaycanda ÜDM-in 0,5% azalacağını proqnozlaşdırır. Bu barədə də EBRD-nin "Regional Economic Prospects" adlı hesabatında deyilir.
Ötən ilin noyabr ayında EBRD 2017-ci il Azərbaycanda ÜDM-in 1% artacağını proqnozlaşdırıb.
"Cari ilin birinci rübündə Azərbaycanda ÜDM 0,9% azalıb. Bununla yanaşı, hesabat dövründə qeyri-neft sektoru 2,4% böyüyüb", - deyə hesabatda vurğulanıb.

EBRD-nin proqnozuna əsasən, 2018-ci ildə Azərbaycanda ÜDM 2% artacaq.
.