“Piyada məsuliyyətsizliyi qeydə alınmış yol-nəqliyyat hadisələrinin başlıca səbəblərindən biridir”.
Bunu DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin əməkdaşı, polis polkovnik-leytenantı Mübariz Ağayev bildirib.
Qeyd olunub ki, respublika ərazisində qeydə alınmış yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, son dövrlər piyada vurma hadisələrinin sayında artım dinamikası müşahidə olunmaqdadır: "Statistik göstəricilərə əsasən, cari ilin 10 ayı ərzində respublika üzrə piyadaların vurulması ilə nəticələnmiş 592 yol-nəqliyyat hadisəsi qeydə alınmışdır ki, bu da ümumi yol qəzalarının 41.6 faizini təşkil edir. Təkcə Bakı şəhəri üzrə bu göstəricinin 63.9 faiz təşkil etməsi isə ciddi narahatlıq doğurur. Belə ki, baxılan hesabat dövrü ərzində paytaxt ərazisində 239 piyada vurma hadisəsi qeydə alınmışdır ki, nəticədə 110 nəfər həlak olmuş, 147 nəfər isə yaralanmışdır.
Lakin, bu qəbildən olan yol-nəqliyyat hadisələrinin təhlili onu da deməyə əsas verir ki, yol hərəkət iştirakçıları arasında ən az müdafiə olunan piyadaların məsuliyyət baxımından məsələyə münasibəti həmişə birmənalı olmur. Piyadavurma hadisələrinin profilaktikası sahəsində həyata keçirilən tədbirlərin, xüsusilə vətəndaş cəmiyyəti institutları ilə birgə aparılan təbliğat-təşviqat və maarifləndirmə işlərinin geniş vüsət almasına baxmayaraq, təəssüf ki, hələ də öz həyat və sağlamlığına biganə qalan, özləri ilə yanaşı digər hərəkət iştirakçıları üçün real təhlükəyə yaradan piyadaların sayı az deyildir.
Payız-qış mövsümünün gəlişini də nəzərə alaraq, bir daha piyadalara müraciət edərək onlardan yolu piyadalar üçün nəzərdə tutulmuş yerlərdən keçməyi, məhdudiyyətli görünmə şəraitində, habelə sutkanın qaranlıq vaxtı xüsusilə diqqətli olmağı, əlvan və ya işıqqaytarıcı elementləri olan geyim və əşyalardan istifadəyə üstünlük verməyi xahiş edirik.
Piyadalar qulaqlıqdan istifadənin ətraf mühitlə əlaqəni əhəmiyyətli dərəcədə məhdudlaşdırdığını nəzərə almalı, yolu keçərkən nizamlama vasitələrinin tələblərinə sözsüz əməl etməli, yaxınlaşmaqda olan avtomobillərin sürətini düzgün qiymətləndirməli, sürücülərin onlara yol verdiklərinə tam əmin olduqdan sonra hərəkətə başlamalı, dayanacaqda gözləyərkən, ictimai nəqliyyata minib-düşərkən, eləcə də qəflətən avtomobil yoluna çıxmaqdan çəkinməlidirlər.
Əziz piyadalar! Sadalanan yol hərəkəti qaydalarına riayət etməklə, uşaq və yeniyetmələrə örnək, həyat və sağlamlığımız üçün isə etibarlı zəmin yaratmış olarıq".
.