Bakının Xətai rayonunda Vətən müharibəsi şəhidi kapitan Nəcəf Şikar oğlu Şikarovun adına parkın və qəhrəmanın xatirə lövhəsinin açılışı olub.

Şəhidin vaxtilə yaşadığı General Şıxlinski küçəsi 49 ünvanında keçirilən mərasimdə Xətai Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Quluyev Rafiq Çəpərxan oğlu,  Xətai Rayon İcra Hakimiyyətinin (RİH) rəsmiləri, Azərbaycan Respublikasının Müdafiə Naziriliyinin rəsmiləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon İdarəsinin rəsmiləri, Qazaxıtanda yaşayan diaspora nümayəndələri, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra dövlət himni səsləndirilib.

Mərasimdə məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Çıxış edənlər şəhidin qəhrəmanlığından, vətənpərvərliyindən söz açıblar, onunla bağlı xatirələrini bölüşüblər.

Qeyd edək ki, Nəcəf Şikarov 1985-ci il yanvarın 24-də Şamaxı şəhərində anadan olub. Xətai rayonunda 24 nömrəli tam tam orta məкtəbdə, 1999-2002-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Daha sonra təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində (AAHM) davam etdirib. N.Şikarov 2007-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmətə başlayıb.

O, Qarabağ uğrunda gedən döyüşlərdə xüsusi şücaəti ilə seçilib. Şuşa-Xocavənd döyüşlərində iştirak edib. Füzuli rayonunun Alxanlı kəndi istiqamətində mühasirəyə düşən əsgər və zabit heyətinə yardım etmək üçün düşmən səngərinə daxil olub. İki ermənini silahla, digərini əlləri ilə boğaraq öldürüb. Lakin düşmən gülləsi onu şəhidlik zirvəsinə ucaldıb. Onun nəşi İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.

N.Şikarov Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, ölümündən sonra "Vətən uğrunda", "Qarabağ" ordeni, "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Xatırladaq ki, Nəcəf Şikarovun atası da Birinci Qarabağ döyüşlərində iştirak edib, üç dəfə yaralanmasına baxmayaraq, döyüşlərə yenidən qayıdıb.

.