Kaliforniyada yerləşən “Netflix” texnologiya və media xidmətləri şirkətinin brendi ötən ildən 72 faiz bahalaşaraq 26,7 milyard ABŞ dollarına çatıb.

“Forbes” jurnalının dərc etdiyi dünyanın ən bahalı brendlərinin illik reytinqinə görə ən çox irəliləyiş göstərən brendlərdən həmçinin “Chanel” 42 faiz, “Amazon” 40 faiz, “Microsoft” 30 faiz, “PayPal” da 24 faiz bahalaşıb. Eyni zamanda “Facebook” 21 faiz, “Wells Fargo” 16 faiz, “Mersedes Benz”, “Ford”, “General Electric” 14 faiz ucuzlaşıb.

Reytinqin cari vəziyyətinə gəlincə yuxarı 10 pillədə ötən ildəki kimi “Apple” (241,2 milyard dollar), “Google” (207,5 milyard dollar), “Microsoft” (162,9 milyard), “Amazon” (135,4 milyard), “Facebook” (70,3 milyard) qərarlaşıb, sonrakı yerlərdə “Coca Cola” (64,4 milyard), “Disney” (61,3 milyard), “Samsung” (50,4 milyard), “Louis Vuitton” (47,2 milyard), “McDonald’s” (46,1 milyard) yerləşiblər. Əvvəlki il Top-10-a daxil olan “Toyota” 7 faiz ucuzlaşaarq 11-ci yerə enib.

Məcmu dəyəri 2,54 trilyon ABŞ dolları olan 100 ən bahalı brendin 20-si texnologiyalar, 14-ü maliyyə, 11-i avtomobil istehsalı, 8-i onlayn ticarət sektorlarına aiddir. 100 böyük brendin yarısından çoxu ABŞ şirkətlərini, qalanları Avropa ölkələrini və Yaponiyanı təmsil edir.

.