Kiber təhdidlər bu gün dünya iqtisadiyyatında hesablanan zərərlər baxımından ciddi artım dinamikası nümayiş etdirir.
Bunu “Caspian İnnovation Forum” tədbirində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov deyib.
O qeyd edib ki, bu dinamikanı hər kəs görür:
“Hətta mən öz ətrafımda da görürəm ki, idman sahəsində, biznesin müxtəlif sahələrində, müxtəlif fəaliyyət istiqamətlərində olan insanlar kiber təhdidlərdən və onların vurduğu zərərlərdən danışır. Çünki biz üzərimizdə telefon gəzdiririk, məlumat daşıyıcıları daşıyırıq, evlərimizdə “smart” avadanlıqlar var. Bunların hər biri hücum hədəfinə çevrilə bilər və bunlar vasitəsilə artıq bizim həyatımız da hədəfə çevrilmiş olur”.
D.Rüstəmov deyib ki, 2021-ci ildə Azərbaycanda kritik informasiya infrastrukturlarının təhlükəsizliyinin təşkili üçün səlahiyyətli qurum müəyyən edilib:
“Bu prosedurların həyata keçirilməsi nəticəsində Azərbaycan qanunvericiliyində ilk dəfə “kiber təhdid” anlayışı ortaya çıxdı və ilk dəfə “kritik informasiya infrastrukturu” hüquqi status aldı.
Bundan sonra, həm hökumətə, həm də səlahiyyətli quruma tapşırıqlar verildi ki, bu sahədə fəaliyyəti qurmaq üçün xarici təcrübə öyrənilsin və ən yaxşı təcrübə Azərbaycanın real infrastrukturuna və real qanunvericilik tələblərinə uyğun şəkildə tətbiq olunsun.
Bu dövr ərzində – təxminən 5 il ərzində – biz ciddi işlər gördük. Beş il baxanda bəzən uzun görünür, bəzən qısa, amma bu sahənin miqyasını nəzərə aldıqda bu, qısa müddətdir. 2021-ci ildə bu məsələyə başlayanda, desəydilər ki, 2025-ci ildə bu nəticələr olacaq, bəlkə də inanmaq çətin olardı. Amma biz artıq bu arxitekturaya və bu topologiyaya nail olmuşuq”.
“Azərbaycan qanunvericiliyi artıq kritik informasiya infrastrukturlarının təhlükəsizliyini ayrıca anlayış kimi müəyyən edir. Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı bütün normativ sənədlər hazırlanıb, normativ aktlar təsdiqlənib və fəaliyyətə başlanılıb”, - deyə o əlavə edib.
.
