Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Nəzarətinin fəaliyyəti izlənilib, COP29-a hazırlıq barədə məlumat verilib.

Bununla bağlı DSX-nin Sərhəd Nəzarəti Komandanlığına mediatur təşkil olunub.

DSX-nin Sərhəd Nəzarətinin rəisi, general-leytenant Elşən Verdiyev Sərhəd Nəzarətinin tarixi, fəaliyyəti barədə məlumat verib.

O, DSX-nin Sərhəd Nəzarətinin bu ay Azərbaycanda keçiriləcək COP29 tədbirinə hazırlığından danışıb:

"COP29-la bağlı texniki, təchizat məsələləri artıq yekunlaşıb. Qoyulan tapşırıqları yerinə yetirməyə tam hazırıq. Bununla bağlı Dövlət Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev də öz tapşırıqlarını verib. Buraxılış məntəqələrindən daxil olan şəxslərə, nəqliyyat vasitələrinə etibarlı nəzarət təmin olunur".

Sərhəd nəzarətində əsas təhlükələr barədə danışan DSX rəsmisi bildirib ki, narkotik vasitələrin, partlayıcı maddələrin, silahların, kütləvi qırğın silahlarının və onların komponentlərinin dövlət sərhədindən keçirilməsi sərhəd nəzarətində əsas təhlükə mənbələrindəndir.

"Bu ilin on ayı ərzində dövlət sərhədindən hərəkət edən şəxslərin sayı 7 milyon 917 min 396 nəfər olub. Bir milyondan çox nəqliyyat vasitəsi qeydiyyata alınıb. Ötən illə müqayisədə şəxslərin sayında 22 faiz, nəqliyyat vasitələrin sayında isə 10 faiz artım var. Bu artım dinamikası əvvəlki illərdən də çoxdur", - o bildirib.

DSX-nin Sərhəd Nəzarətinin xidməti itləri barədə də iştirakçılara məlumat verilib. Qeyd olunub ki, həmin itlər müxtəlif tapşırıqlar icra edib, sərhəd nəzarətində qaçaqmalçılara qarşı effektiv vasitələrdir.

Sərhəd Nəzarətinin Heydər Əliyev adına Beynəlxalq Hava Limanında olan binasında fəaliyyət göstərən sinif otaqları, idman zalı barədə də məlumat verilib. Qeyd olunub ki, əməkdaşlar bu zalda fiziki hazırlıqlarını daha da təkmilləşdirirlər. Onlar müxtəlif yerli və beynəlxalq idman yarışlarında iştirak edərək medallar qazanıblar.

Daha sonra media nümayəndələri DSX-nin Sərhəd Nəzarətinin hava limanındakı fəaliyyəti ilə tanış olublar. Ölkəyə gələn və gedən şəxslərin qeydiyyatlarının aparılması, pasportlara nəzarət prosesi izlənilib.

DSX-nin Sərhəd Nəzarətinin əməkdaşı, mayor Nicat Cahidzadə bildirib ki, COP29 tədbiri ilə əlaqədar buradakı əməkdaşların sayı artırılıb: "COP29 zamanı hər hansı bir fövqəladə hal baş versə, sistemin və şəbəkənin dayanıqlılığının təmin olunması üçün müvafiq tədbirlər görüləcək".

.