Bakıda DSX mayoruna hücum etməkdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən Fuad Zeynalov dindirilib. O, ifadə vermək istəmədiyini bildirib. Məhkəmə ona belə bir hüququ olmadığını xatırladıb. Fuad Zeynalov deyib ki, şikayəti və ya tələbi yoxdur, zərərçəkənlərlə barışıb. Onun ibtidai istintaqa verdiyi ifadə elan olunub.

Məlum olub ki, insident Fuad Zeynalov və Ramal Aslanov öz komandaları ilə birgə Afina şəhərindəki yarışa gedəndən sonra başlayıb. Tələblərin davranışına görə onların arasında mübahisə yaranıb. Bakıya qayıtdıqdan sonra Ramal Aslanov və Elnur Həmidov Fuad Zeynalovu həyətə çağırıb. F.Zeynalov mətbəxdən bıçaq götürərək aşağı düşüb və üstünə hücum çəkənləri gördükdə onları həmin bıçaqla hədələyib. Bu olaydan sonra onlar telefonda bir-birilərini təhqir ediblər.

Hadisə baş verən gün, Fuad Zeynalov Anar Aslanov ilə axşam saatlarında restoranda yemək yedikdən sonra ayıq sürücü çağırıb. Maşına minərkən Elnur, Elçin və Musa onlara hücum edib, yumruq-təpiklə və beşbarmaqla Fuad Zeynalova və dostuna xəsarətlər yetiriblər.

F.Zeynalov digər şəxsləri tanımadığı üçün bu məsələnin Ramal Aslanovla əlaqəli olduğunu düşünüb.

Fuad Zeynalov istintaqa verdiyi ifadəni təsdiqləyib.

Prosesin davamında ifadə verən digər zərərçəkən Anar Süleymanov bilidirib ki, hadisə günü səs eşidib və dostunun köməyinə qaçıb. O, Elnura yumruq vurduğunu bildirib, Elnurun ona əlindəki beşbarmaqla hücum etdiyini deyib.

Zərəçəkən əlavə edib ki, Elnuru çoxdan tanıyır, şikayəti və ya tələbi yoxdur. O, qaranlıq olduğu üçün orada başqa kimlərin olduğunu dəqiq görə bilmədiyini deyib.

Elnur Həmidov isə əlində silah olmadığını deyib.

Tərəflər barışdıqlarını bildiriblər.

Növbəti proses iyulun 30-na təyin olunub.

Qeyd edək ki, yanvarın 4-də paytaxtın Xətai rayonunda bir qrup idmançı xuliqanlıq zəminində insident törədib. İdmançıların DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum etdikləri bildirilib. Faktla bağlı idmançılardan Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov, Musa Əhmədov və Ramal Aslanov polis tərəfindən saxlanılıb. Hadisənin sifarişçisinin Kikboksinq Federasiyasının I vitse-prezidenti Ramal Aslanov olduğu açıqlanıb. Xətai rayon Məhkəməsinin qərarına əsasən, saxlanılan Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədov barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib. Elvin Məmmədov barəsində isə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Onlara Cinayət Məcəlləsinin 221.2.1-ci ( Xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə), 126.2.4 (ağır dərəcədə bədən xəsarətləri yetirmə) 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə ittiham irəli sürülüb.

.