
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Bakının elitar restoranlarından olan və bu günlərdə kütləvi zəhərlənmə xəbəri ilə gündəmə gələn "Niaqara” restoranında yoxlamalar aparıb.
Virtualaz.org saytı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin yaydığı rəsmi press-relizə istinadən xəbər verir ki, yoxlama zamanı restoranda təhlükəli bakteriyalar və çoxsaylı pozuntular aşkar olunub.
Xatırladaq ki, "Niaqara” restoranı müdafiə sənayesi naziri Yavər Camalovun ailə biznes imperiyasına daxildir. Restoranı və digər biznes aktivlərini nazirin oğlu idarə edir.
Komitədən yayılan xəbərdə bildirilir ki, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən "Niaqara” restoranında yoxlama aparılarkən əhaliyə mənşəyi məlum olmayan konservləşdirilmiş xiyar, göyəm, alma, alça, badımcan, gavalı turşusu təklif edildiyi aşkarlanıb.
Bundan əlavə, restoranda hazırlanan "Paytaxt” salatından nümunə götürülərək komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTest) laboratoriyasında yoxlanılıb. Aparılan müayinələr nəticəsində salatın tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyalar aşkar edilib.
Həmçinin yeməklərin heç bir texnoloji təlimat və reseptura olmadan hazırlandığı, soyuducularda ərzaqların saxlanılması zamanı mal qonşuluğu qaydalarına əməl olunmadığı, istismar olunan ölçmə vasitələrinin müqayisəli dövlət yoxlanışından keçirilmədiyi aşkarlanıb.
Araşdırmalarda yeməklərin hazırlanması zamanı istifadə olunan ətin baytarlıq şəhadətnaməsi, digər ərzaq məhsullarının uyğunluq və gigiyenik sertifikatları, hazırlanan yeməklərin sınaqlarının nəticələrini təsdiq edən sınaq protokolları, müəssisədə çalışan işçilərin tibbi kartları, peşə təhsillərini təsdiq edən hər hansı sənəd yoxlamaya təqdim edilməyib.
Aşkar edilmiş nöqsanlarla bağlı restoran rəhbərliyinə qarşı cərimələr tətbiq edilib. Eləcə də normativ sənədlərin tələblərinə cavab verməyən məhsulların hazırlanması və satışı qadağan olunub.
Xəbər verildiyi kimi, bir neçə gün əvvəl "Niaqara” restoranında kütləvi zəhərlənmənin baş verdiyi barədə məlumat yayılmışdı. Məlum olmuşdu ki, restoranın "Şou” zalında keçirilən banket zamanı "Paytaxt” salatından kütləvi zəhərlənmə baş verib. Banketdə iştirak edənlərin 15-16 nəfəri tibbi yardım üçün müraciət edib. Restoran isə zəhərlənmə barədə xəbəri yayan zərərçəkəni məhkəməyə verməklə hədələmişdi.
Müdafiə sənayesi nazirinin ailə biznes imperiyasına Bakının mərkəzi rayonlarında və dəniz kənarlarında onlarla malikanə, otellər, restoranlar, istehsalat sahələri, əyləncə mərkəzləri və s. daxildir.