Dövlət Departamenti Anar Məmmədovun qonaqlığını boykot etdi.
Nazir oğlunun 600-a yaxın adama verdiyi yeyib-içmək mərasimi barədə press-reliz yayılıb.
Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun Vaşinqtonda təşkil etdiyi ziyafətdə Dövlət Departamentindən heç kim iştirak etməyib.
A.MəmmədovunABŞ-da təşkil etdiyi lobbi təşkilatı Azərbaycan Amerika Alyansı tərəfindən yayılmış press-relizə əsasən xəbər verir ki, 600-a yaxın adamın qatıldığı qonaqlıqda iştirak edənlər arasında Dövlət Departamentindən heç kimin adı yoxdur. Baxmayaraq ki, Azərbaycan Amerika Alyansının ötən il təşkil etdiyi birinci qala-ziyafətdə dövlət katibinin köməkçisi Erik Rubin iştirak və çıxış etmişdi.
Oktyabrın 30-da axşam Vaşinqtondakı Milli Muzey binasında keçirilmiş ziyafətdə 600-a yaxın qonaq Azərbaycan mədəniyyəti və tarixi, arxitektura ənənələri və incəsənəti ilə tanış olublar, milli Azərbaycan yeməklərindən yeyiblər. Qonaqlar Bakıdan getmiş milli musiqi və rəqs ansambllarının ifalarına tamaşa ediblər. Bir sözlə, yaxşı əyləniblər.
Ziyafətə nə qədər pul xərcləndiyi açıqlanmır. Ancaq mərasimin təşkilatçısı olan lobbi şirkətinin nümayəndəsi azı yarım milyon dollardan söhbət getdiyini açıqlamışdı.
Press-relizdə deyilir ki, qala-ziyafət Azərbaycan Amerika Alyansının təsisçisi, "uğurlu biznesmen” Anar Məmmədov tərəfindən təşkil olunub. Mərasimi Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov açıb.
"Bu günü bayram edirik, sabahı qururuq” devizi altında təşkil edilmiş ziyafətdə muğam ustası Alim Qasımovun qrupu, "Azərbaycan inciləri” rəqs ansamblı, məşhur azərbaycanlı rəssamlar, rəqqasələr və müğənnilər də səhnədə yer alıblar.
A.Məmmədov ziyafətlə bağlı bildirib ki, Amerika auditoriyasının Azərbaycan musiqisinə, rəqslərinə, milli mətbəx nümunələrinə böyük marağına heyran olub. Biznesmen Azərbaycanla ABŞ arasında münasibətlərin əhəmiyyətindən danışaraq deyib ki, dünənki gecə "çox məxsusi və gözəl” gecə idi.
Mərasimdə Azərbaycan Amerika Alyansına sədrlik edən keçmiş konqresmen Dan Barton çıxış edib. Konqresmen bildirib ki, Azərbaycan Amerikanın əsl dostudur: "Olduqca mühümdür ki, biz Azərbaycanla əməkdaşlığı genişləndirək”.
Mərasimdə senatorlar Riçard Barr, Saksbi Çembliss, Ted Koqan, konqresmenlər Cin Qrin, Rendi Haltqrin, Robert Aderholt ,"The Washington Times” qəzetinin baş redaktoru Larri Bisli və digərləri iştirak ediblər. Tədbirə qatılanlar arasında bəzi ölkələrin Vaşinqtondakı səfirləri də olub.
.
