Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti “Azərsığorta” Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra – Cəmiyyət) çevrilmə yolu ilə yenidən təşkil ediləcək.

Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmanla müyyən edilib ki, Cəmiyyət “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada sığorta fəaliyyətini həyata keçirən kommersiya hüquqi şəxsidir;

Cəmiyyətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 3 (üç) üzvdən ibarət Direktorlar Şurası yaradılır;

Cəmiyyətin Direktorlar Şurası “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 26.1.4–26.1.6-cı və 29.1-ci maddələrində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir.

Cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:

3.1. Azərbaycan Respublikasının Prezidentinə:

3.1.1. Cəmiyyətin yenidən təşkili və ləğvi;

3.1.2. Cəmiyyətin Direktorlar Şurasının üzvlərinin, o cümlədən onun sədrinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

3.2. Azərbaycan İnvestisiya Holdinqinə:

3.2.1. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla:

1. Cəmiyyətin nizamnaməsinin və strukturunun təsdiq edilməsi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;

2. İdarə Heyətinin üzvlərinin, o cümlədən onun sədrinin və müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

3. Cəmiyyətin illik hesabatlarının, maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi;

4. Cəmiyyətin dividend siyasətinin təsdiq edilməsi;

5. Cəmiyyətin qiymətli kağızlarının buraxılması barədə qərar qəbul edilməsi;

6. Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul edilməsi;

3.2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həll edilməsi.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

5. Azərbaycan İnvestisiya Holdinqi:

5.1. Cəmiyyətin yeni nizamnaməsinin layihəsini iki ay müddətində hazırlayıb razılaşdırılmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.2. Cəmiyyətin dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədbirlər görsün;

5.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Prezident İlham Əliyevin Sərəncamı ilə "Azərsığorta” Açıq Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının tərkibi təsdiq edilib.

"Azərsığorta" ASC-nin Direktorlar Şurası aşağıdakı tərkibdə təsdiqlənib:

Direktorlar Şurasının sədri

Azər Bayramov – Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Direktorlar Şurasının üzvləri

Xəyyam Məmmədov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini

Gündüz Əliyev – Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Maliyyə xidmətləri üzrə siyasət şöbəsi müdirinin müavini.

.