ABŞ dövlət katibi Entoni Blinken və Rusiya xarici işlər naziri Sergey Lavrov Reykyavikdə görüşdə Ermənistan və Azərbaycan arasındamünaqişə və digər məsələləri müzakirə edib.

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays görüşün yekunun ilə bağlı şərhində bildirib.

N. Prays deyib ki, E. Blinken görüşdə ABŞ-ın Rusiya ilə daha sabit və proqnozlaşdırıla bilən münasibətdə maraqlı olduğunu vurğulayıb.

ABŞ dövlət katibi qeyd edib ki, Prezident Bayden ABŞ-ın maraqlarını, ABŞ vətəndaşlarını qorumaq və Rusiyanın bu ölkəyə və ya onun müttəfiqlərinə zərər verə biləcək hərəkətlərinə qarşı addım atmaqda qətiyyətlidir. Görüşdə cənab Blinken Rusiyada saxlanılan ABŞ vətəndaşları Paul Vilan və Trevor Ridinin sərbəst buraxılmalı olduğunu vurğulayıb.

Blinken, həmçinin, Rusiyanın Ukrayna və bu ölkənin sərhədləri yaxınlığında hərbi birləşmələrini yerləşdirməyə davam etməsi, "Amerikanın Səsi" və "Azadlıq” Radiosuna qarşı atılan addımlar, Aleksey Navalnının səhhəti və müxalif təşkilatların repressiyaya məruz qalması ilə bağlı ABŞ-ın narahatlığını diqqətə çatdırıb.

"Rusiyalı həmkarı ilə müzakirələr zamanı E. Blinken Suriya xalqı üçün humanitar yardımın təmin edilməsinin vacibliyini vurğulayıb. Görüşdə eyni zamanda Ermənistanla Azərbaycan arasında münaqişəninuzunmüddətli siyasi həll yolunu tapmaq kimi regional məsələlər müzakirə edilib.

Onlar, həmçinin, ABŞ və Rusiya xalqlarının davamlı və inkişaf etmiş əməkdaşlıqdan fayda götürə biləcəyi, o cümlədən Əfqanıstan, strateji sabitlik, İran və KXDR-in nüvə proqramlarının inkişafının qarşısının alınması kimi məsələləri müzakirə ediblər. Dövlət katibi və xarici işlər naziri davamlı müzakirələrin irəliləməsinə sadiqliklərini vurğulayıblar", - deyə Dövlət Departamentinin sözçüsü bildirib.

.