Cari ilin yanvar-aprel ayları üzrə dövlət büdcəsinin gəlirləri 13 964,9 milyon manat təşkil edib ki, bu da 4 aylıq proqnozdan 219,7 milyon manat və ya 1,6 faiz çoxdur.

Bu barədə Yenizaman Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Qeyd edilib ki, gəlirlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 6 923,5 milyon manat təşkil edərək proqnozdan 398,2 milyon manat və ya 6,1 faiz, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 2 064,9 milyon manat təşkil edərək proqnozdan 37,9 milyon manat və ya 1,9 faiz, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 14,8 milyon manat təşkil edərək proqnozdan 3,2 milyon manat və ya 27,2 faiz və sair daxilolmalar 182,3 milyon manat təşkil edərək proqnozdan 100,4 milyon manat və ya 122,4 faiz çox icra edilib. Dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 200,3 milyon manat təşkil edərək proqnoza qarşı 71,9 milyon manat və ya 26,4 faiz, Dövlət Neft Fondundan transfert isə 4 579,1 milyon manat təşkil edərək proqnoza qarşı 247,9 milyon manat və ya 5,1 faiz az icra edilib.

2025-ci ilin yanvar-aprel ayları üzrə dövlət büdcəsinin xərcləri 11 191,9 milyon manat proqnoza qarşı 10 961,9 milyon manat, yəni 97,9 faiz icra olunub.

.