"İkinci Qarabağ müharibəsindəki Qələbəmiz tarixi qələbədir.

Buna bənzər Qələbə xalqımızın çoxəsrlik tarixində olmayıb. Bütün xalq bu Qələbəni əldə etmək üçün birləşdi, Ordumuzun arxasında durdu və Ordu Ali Baş Komandanın əmrlərini ləyaqətlə yerinə yetirdi".

Bu fikirləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.

“Bir daha demək istəyirəm ki, biz qəhrəmanlıq, fədakarlıq göstərərək, qan tökərək, şəhidlər verərək tarixi ədaləti bərpa etdik, düşməni öz torpağımızdan qovduq, düşmənə lazımi dərsi verdik. Düşmən bizim qabağımızda diz çökdü, ağ bayraq qaldırdı və bundan sonra Azərbaycan xalqı əbədi olaraq qalib xalq kimi yaşayacaq”, - deyə dövlət başçısı vurğulayıb.

İlham Əliyev: "Biz bütün dünyaya erməni vəhşiliyi ilə bağlı dolğun məlumatın verilməsinə nail olacağıq"

"Biz bütün dünyaya erməni vəhşiliyi ilə bağlı dolğun məlumatın verilməsinə nail olacağıq. Bu prosesə start verildi".

Bu barədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.

Dövlət başçısı deyib ki, biz həm beynəlxalq hüququ, həm tarixi ədaləti, həm insani ədaləti bərpa etdik. Çünki bax, bu dağıntıları törədən insan deyil: “Bu gün Ermənistan havadarları, bax, bunu görməlidirlər. Görmək istəməsələr də, görməlidirlər və görəcəklər. Bütün dünya görür. Biz artıq kitablar nəşr etməyə başlamışıq. Biz təqdimatlar keçirməyə başlamışıq”.

Azərbaycan Prezidenti qeyd edib ki, biz təkcə özümüzü müdafiə etməmişik, öz ərazimizi bərpa etməmişik, biz erməni faşizminin belini qırmışıq. Erməni faşizmi bu bölgədə qol-qanad açıb və xarici havadarlarının dəstəyinə arxalanıb bizim ərazimizi otuz il ərzində işğal altından saxlamışdı.

Prezident: “Cocuq Mərcanlıda Gövhərağa məscidinin bənzərini inşa etməyimiz rəmzi məna daşıyır”

“Cocuq Mərcanlıda olarkən demişdim ki, bu gün Şuşa məscidinin – Gövhərağa məscidinin bənzərini biz burada inşa etmişik, bu, rəmzi məna daşıyır. Şuşa işğaldan azad olunandan sonra ermənilər tərəfindən dağıdılmış bütün məscidlərimizi bərpa edəcəyik. Üç il keçəndən sonra artıq bu sözlər həyatda öz yerini tapmışdır”.

Bu barədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.

Dövlət başçısı deyib ki, o vaxt Cocuq Mərcanlıda 150 evdən ibarət mərhələli yollarla qəsəbə salındı, məktəb tikildi, tibb məntəqəsi: "Şuşa məscidinin bənzəri olan məscid inşa edildi, iş yerləri üçün imkanlar yarandı".

Dövlət başçısı: "Bizim Qələbəmizin rəmzi olan yumruq təkcə güc rəmzi deyil, bu, birlik rəmzidir"

"Biz hərbçilərimizlə haqlı olaraq fəxr edirik və fəxr edəcəyik. Onlar əsl qəhrəmandırlar. Biz bütün xalqımızla fəxr edirik. Çünki bu 44 gün ərzində göstərilən həmrəylik, göstərilən birlik bütün dünyaya Azərbaycan xalqını çox ləyaqətli və böyük xalq kimi təqdim etdi. Bizim Qələbəmizin rəmzi olan yumruq təkcə güc rəmzi deyil, bu, birlik rəmzidir".

Bu fikirləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə səsləndirib.

“Biz birləşdik və istədiyimizə nail olduq, tarixi ədaləti bərpa etdik. Baxın, görün, Ermənistan indi hansı bəyanatlar verir? Otuz il ərzində uydurulan mifologiyadan əsər-əlamət yoxdur. Bəs, haradadır bunların müzəffər ordusu? Haradadır yenilməz erməni əsgəri? Bizə qarşı otuz il ərzində çirkin təbliğat aparan, Azərbaycan xalqının ləyaqətini alçaltmağa çalışan artıq öz payını aldı, öz dərsini aldı”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Dövlət başçısı deyib ki, Ermənistan ordusu yoxdur. Biz onu məhv etmişik, belə dibdən-kökdən məhv etmişik: “Onların otuz il ərzində yığdıqları bütün texnikanı darmadağın etmişik. Onun bir hissəsi Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Canlı qüvvəsini məhv etmişik. Bunu Azərbaycan xalqı edib və öz üstünlüyünü göstərib”.

Prezident: "Ermənistan Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməlidir, bunun başqa yolu yoxdur"

"Bundan sonra Ermənistan cəmiyyətində real vəziyyətin düzgün təhlili getməlidir. Artıq mifologiyadan əl çəkməlidirlər. Böyük Ermənistan xülyasından əl çəkməlidirlər. Dənizdən dənizə qədər mifik Ermənistan xülyasından əl çəkməlidirlər. Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməlidirlər və əl çəkəcəklər. Bunun başqa yolu yoxdur".

Bu fikirləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.

“Bu mifologiyaya son qoyuldu. Tədricən bizə qarşı olan bütün digər erməni iddialarına son qoyulmalıdır. Mən bunu demişəm və mən söz deyəndə elə-belə söz demirəm. Nəyi demişəmsə bu günə qədər, hamısını da etmişəm”, - deyə dövlətimizin başçısı vurğulayıb.

.