Qərb bölgəsində əhaliyə böyük zərər dəyib, amma sığortalı təsərrüfat yoxdur
Ekspertlər «dövlət istəsə kömək edər, istəməsə öhdəliyi yoxdur» deyirlər

Son günlər yağan aramsız yağışlar Qərb bölgəsinə ziyan vurub. Konkret olaraq Gədəbəy, Ağdam, Daşkəsən, Şəmkir və Tovuzda yağan dolu, kənd təsərrüfatı ilə yanaşı sosial obyektlərə, elektrik təsərrüfatına ciddi zərər dəyib.  

Məlumata görə, Bakı-Qazax magistralının Düyərli kəndi ərazisindən keçən hissəsində, eləcə də kəndlərarası yol kənarlarında 10-dan artıq ağac küləyin gücündən aşaraq yolda hərəkəti məhdudlaşdırıb. Güclü külək rayonun Muxtariyyə, Düyərli, Zəyəm-Cırdaxan və Xuluf kəndlərində fərdi yaşayış evlərinin, sosial obyektlərin dam örtüyünü qoparıb. Küçələrdə əmələ gələn gölməçələr gün ərzində piyadaların və avtomobillərin hərəkətində çətinliklər yaradıb. 

Yağışlar nəticəsində Gəncə çayında suyun səviyyəsinin artması təhlükəli həddə çatıb. Hətta mayın 25-də çayın sol sahilindəki 10-a yaxın ev su altında qalıb.

Təbii fəlakətdən əkin sahələri böyük zərər çəkib. Yağış biçənək, taxıl, kartof və kələm sahələrini məhv edib. İri buynuzlu və xırda buynuzlu heyvanlar tələf olub. Həmçinin payızlıq əkinlərdə də müəyyən gecikmələr olub.

Rayon icra hakimiyyətləri nəzdində yaradılan fövqəladə hallar komissiyası ziyanla bağlı dəqiqləşmələr aparır. Yekun nəticələr bəlli olduqdan sonra, ziyanın ümumi həcmi müəyyənləşəcək. İdarənin əhatə etdiyi rayonlarda fermerlərə məsləhət xidməti də fəaliyyət göstərir. Fermerlər hər hansı məlumat və məsləhət üçün xidmətin fəaliyyətindən yararlana bilərlər.

Mövzu ilə bağlı sığorta mütəxəssisi Xəyal Məmmədxanlı "Bizim Yol"a bildirib ki, əgər əmlak, o cümlədən kənd təsərrüfatı subyektləri sığortalanıbsa, o zaman təbii fəlakətlərə görə dəyən zərərə görə sığorta ödənişi düşür: "Əgər sığorta yoxdursa, o zaman zərərin əvəzinin ödənilməsi üçün yalnız dövlət büdcəsindən və ya digər fondlardan pul ayrıla bilər. Amma, hökumətin bunu ayırmaq kimi bir vəzifəsi yoxdur".

Hüquqşünas Müzəffər Baxış "Bizim Yol"a açıqlamasında sığorta mütəxəssisinin dediklərini təsdiqlədi: "Təbii fəlakət nəticəsində daşınmaz əmlaka-evə zərər dəyirsə, Bakı üçün 25 min manat, Gəncə üçün isə 20 min manat, Gədəbəy-Tovuz bölgəsi üçün isə 15 min manat məbləğində sığortaçı tərəfindən kompensasiya ödənilir. Kənd təsərrüfatı sahəsi də sığortalanıbsa, kəndçiyə dəyən zərəri sığortaçı ödəyəcək. Dövlət istəsə kömək edəcək. İstəməsə bu zərəri dövlətin boynuna qoymaq olmaz. Sosial yönümlü və inkişaf etmiş dövlətlər təbii fəlakət nəticəsində vətəndaşa dəymiş zərəri qarşılayırlar ki, çətinlikdən çıxsınlar". 
 
Hüquqşünas əhaliyə "Evimi düzəldirəm, sel gəlib aparır" və "Dağı bağ edirəm, amma yağış bağı dağ edir" deməməsi üçün daşınmaz əmlakını və kənd təsərrüfatı sahəsini sığortalatdırmağı tövsiyyə edib.  
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti, ekoloq Telman Zeynalov "Bizim Yol"a bildirib ki, yağıntıların artmasının kənd təsərrüfatına  zərərindən çox xeyiri var: "Adətən may ayının sonuna qədər yağıntılar yağırdı. Amma son illər quraqlıq keçdi deyə əhali bu vəziyyətə uyğunlaşmamışdı. Yağıntının kənd təsərrüfatı üçün lazımlı şəraitdir. Əgər dolu yağırsa, çiçəklənən ağacların hamısının çiçəkləri töküləcək. Yağıntılar artanda torpaq sürüşməsinin baş verəcəyi ilə bağlı da əhalidə narahatlıqlar var. Amma bu baş verməyəcək. Niyə görə? Çünki fevral, mart və aprel ayında yağışlar yağıb. Torpaqlar doyub və sürüşmə təhlükəsi olmayacaq. Amma çayların daşması gözlənilir. Son illər yaz fəsli quraqlıqla keçirdi. Havanın yağıntılı keçməsi çayların sulu olmasına gətirib çıxaracaq. Müəyyən zərərləri olsa da, bu ümumilikdə müsbət şəraitdir. Belə ki, yeraltı anbarlarımız su ilə dolacaq. 

Taxıl başını qaldırıb  hərəkət eləməyə başlayıbsa, yağıntıların artması bax, bu sahədə məhsuldarlığa zərər vura biləcək. Burda uduza bilərik. Yağıntı zolaqla gedir. Hansı istiqamətdə buludlar var, orda yağıntılar olur. Yağıntıların zərərindən qorxmaq lazım deyil. Təbiətin qanununa zidd getmək olmaz. Məsələn, Moskvada Qızıl Meydanda tədbir keçiriləndə top ataraq buludları dağıdırdılar ki, bu əraziyə yağış yağmasın. Bunun fəsadları daha ağır olurdu. Ətraf ərazilərdə yaşayan sakinlər yağıntının artıq düşməsindən əziyyət çəkirdirlər. Odur ki, təbiətə uyğunlaşmaq lazımdır. Biz Azərbaycanda yağıntıların miqdarının 30 faiz artmasına şükür etməliyik. Bu o deməkdir ki, biz su qıtlığından əziyyət çəkməməliyik".  

Coğrafiya İnstitutunun Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin müdiri Rəna Qaşqay bildirib ki, sel və daşqın problemləri ilə bağlı əlaqədar qurumlara öz təkliflərini verib. "Sellərin zəlzələlər qədər dağıdıcı gücə malik kortəbii proses olduğunu nəzərə çatdırdı. Təbii-dağıdıcı proseslər arasında ən mürəkkəbi sel axınları və daşqınlardır. Keçən illərdə baş verən selin izlərinə əsaslanaraq demək olar ki, hər bir orta güclü sel bir milyon kubmetr həcmində sülb materialları gətirir. Lakin bu həcm 10 milyon kubmetrə çata bilir. Bu da nadir hal olaraq təxminən 20 ildən bir müşahidə edilir",-deyə R.Qaşqay bildirib. 
 
Alim intensiv yağan yağışların və çirkli suların çaylara tökülməsini sellərə səbəb olan amillər sırasında qeyd edib: "Azərbaycan dağlıq ölkə olduğundan çaylar qarışıq qida mənbələrinə malikdir. Qışda yağan qarlar hər il çaylarda mart ayından başlayaraq gursululuqlar və daşqınlar yaradır. Bu proseslərdə təbii şəraitlə bərabər, insanın təsərrüfat fəaliyyəti də az rol oynamır. Tənzimlənmiş çaylarda vahid idarəetmə sistemi yaradılmalı və proqnoz əsasında su anbarlarının rejimi idarə edilməlidir. Əks halda 2010-cu ilin may ayında Kür çayında baş verən fəlakət yenə təkrar oluna bilər. 2003, 2006 və 2016-cı illərdə baş vermiş daşqınlarda insan faktorunu xüsusi vurğulamaq lazımdı. Və bu problemin yeganə həll yolu su anbarlarının tikilməsidir". 

.