Nəriman Qasımoğlu: "Bütpərəstlik bu və ya digər dindarlıq vərdişlərinə tarix boyu rahatca qarışır”
"Məhəmməd peyğəmbər İslamdan öncə Hənifi dinində olub”
"İbrahim peyğəmbər zəiflik göstərib Rəbbindən soruşmur ki...”
Modern.az saytının dini mövzuda budəfəki müsahib ilahiyyatçı-alim Nəriman Qasımoğlu olub. Müqəddəs Ramazan günlərində mövzunun xüsusilə aktuallığını nəzərə alaraq müsahibəni Yenizaman.az saytında da ictimailəşdirməyi vacib hesab etdik.
- Siz müsahibələrinizdə özünüzün dinə necə gəlməyinizdən bəhs etmisiniz. İstəməzdim ki, bu müsahibəni sırf şəxsi suallar üzərində quraq. Sizinlə müsahibədə diqqəti daha çox teoloji məsələlər üzərində cəmləşdirməyə çalışacam. İlk sualım belə olacaq: niyə din ona qarşı edilən tənqidləri qəbul etmir?
- Dini təmsilçilik iddiasında olanlar dəyişməz ehkamlara çevrilmiş hansısa dini müddəalara qarşı səslənən tənqidlərə bir qayda olaraq dözümsüzlük göstərirlər. Bu da, mənə elə gəlir, başqaları kimi sizdə də belə qənaət yaradır ki, din tənqidləri qəbul etmir. Əlbəttə, yanlış qənaətdir. Məsələn, əgər Quran etiqad azadlığını qəbul edirsə ("Dində məcburiyyət yoxdur...” ayəsi), insanın küfr azadlığına belə, dözümlü münasibət sərgiləməyi şərtləndirirsə ("Kafirlər” surəsi), bunu necə iddia etmək olar? Bu surənin ayələrini tam olaraq ifadə edim ki, oxucularınızda aydınlıq hasil olsun:
"De: "Ey kafirlər, mən qulluq qılmaram o nəsnəyə ki, siz qulluq qılırsınız. Siz də qulluq qılanlar deyilsiniz mənim qulluq qıldığıma. Nə mən qulluq qılanam sizin qulluq qıldığınıza, nə siz qulluq qılanlarsız mənim qulluq qıldığıma. Sizin öz dininiz var, mənim də öz dinim var”.
Baxın, müqəddəs Oxu başqa cür düşünənlərə necə tolerant münasibət sərgiləyir. Bu kontekstdə kafirlər kimdir? Əlbəttə, ilahi hikmətləri ümumən qəbul etməyən, tənqidlərinə hədəf seçənlər və başqaları. Din tənqidçisinə qarşı təlqin edilən münasibət belədir ki, qoy nə qədər tənqid edir etsin, öz işidir, problem yaratmır. Ona görə problem yaratmır ki, ilahi məntiq qarşısında bu qəbildən tənqidlər həddindən artıq zəif bir məzmun daşıyır.
Yəni elə bir tənqidi söz yoxdur ki, İlahi məntiq bundan çəkinsin. İnananlar da çalışmalıdırlar ki, öz tənqidçilərinə qarşı dözümlü olsunlar. Və ən maraqlısı budur ki, kafirlərin tapındığı dəyərlər sistemi də "din” adlandırılır. Nəyə görə, bilirsiniz? Ona görə ki, inananlar bunu nəzərə alıb kafirlərə münasibətdə tolerantlıq göstərə bilsinlər.
Digər yandan, müqəddəs Oxu-da hətta ilahi seçimə layiq görülmüş peyğəmbərlərin də ünvanına tənqidlər səsləndirilir. Hikməti budur ki, insanlar bütçülüyə meyllənib peyğəmbərləri ilahiləşdirməsinlər. Ənənəvi dindarlar isə, əlbəttə, bu hikmətdən qafildirlər.
Qəflətdə olanların sayı da çox olduğundandır ki, belələrinin nümunəsində dindar olmayanlar, yaxud deyək, dinlə maraqlananlar Tanrı dini haqqında yanlış qənaətlərə varırlar.
- Dinlə maraqlanan biri kimi, beynimdə həmişə bu müəmma məni düşündürməyə vadar edib. Amma nə qədər düşünsəm də, real və rasional bir cavab tapa bilməmişəm. İlahi bir qüvvə həqiqətənmi peyğəmbələrlərə sözbəsöz nəyisə deyib? Tövratı oxuyarkən bunun şahidi oluruq deyə, bu sualı verdim.
- Doğrusu, dəqiq anlaya bilmirəm ki, başqalarının adından "bunun şahidi oluruq” deyəndə şəxsən nəyin şahidi olursunuz. İrrasionallığın? İrreallığın? Bu sonuncular da mütləq məzmunda deyil axı. Vəhyə qeyri-rasional bir məzmunda baxa bilərsiniz, bu sizin şəxsi baxışınız olacaq. Məndən ötrü ən ulu reallıq Tanrı varlığının özüdür. Bu, mütləq və əbədi bir reallıqdır. Bu reallığın bəşərlə ünsiyyəti necə sürdürülür? Əlbəttə, ilahi məlumatlar anlamlı vəhylərin vasitəsilə... Müqəddəs yazılardakı şifrələnmiş məqamlar – rəqəmlərin riyazi təhlilinə cəlb olunan ifadələrdə mətn möcüzələrinə dair məqamlar – müqəddəs yazıların Tanrıdan olduğu, insan beyninin məhsulu olmadığı qənaətlərini möhkəmlədir. Kimlər üçünsə bu, əlbəttə, yalnız etiqadi məsələ ola bilər. Vəhylərə iman məndən də ötrü əvvəllər etiqadımdan irəli gəlirdi, zaman ötdükcə bu etiqadım elmi-teoloji araşdırmalarımla daha da möhkəmləndi. Tövrata gəlincə isə, mütləq qeyd etməliyəm ki, adını Törə kimi tərcümə etdiyim bu müqəddəs Kitabı Quran təsdiq edir:
"Tanrıdır, Ondan başqa ilah yox. Diri, əbədi. Endirmiş Yazını sənə haqq ilə. Öncəkini doğrulayan olaraq. Endirmişdi Törə ilə Müjdəni bundan öncə insanlara bir bələdçi olaraq. Və endirmiş Ayırdı” (3-2:4); "Biz endirdik, Biz Törəni, şübhəsiz. İçində bir bələdçiylə bir işıq...” (5:44).
Əlbəttə, sizi də anlayıram, Törədə ilk baxışdan bizə bəsit görünə bilən adi həqiqətlərin təhkiyəsindəki sadəlikləri, yaxud başqa məqamları İlahidən vəhylər kimi qavramaqda müşkülləriniz ola bilər. Ancaq unutmayaq ki, hər mətləbin bir hikmət konteksti və fonu var, hər kəs də bu kontekst və fonda ifadə olunanlara fərqli baxış bucaqlarından baxıb fərdi qənaətini gəlişdirə bilər. Zatən bunun özündə elə ilahi mətnlərin məzmununun diqtəsilə kosmik-ilahi informasiyanın qlobal miqyasda fikir plüralizminə təkan verdiyini də görmək mümkündür.
-Tövratdan söz düşmüşkən, bu kitabda müəyyən qadağalar var ki, həqiqətən də bugünkü hüquq normaları ilə səsləşir. Ancaq bəzi olmazlar çox radikaldır. Bununla yanaşı, Tövrat günahların bağışlanması üçün insanlardan maddiyyat tələb edir. Yəqin ki, söhbətin nədən getdiyini bildiniz.
-Yenə də deyim ki, hansısa yasaqlar bizdən ötrü qəribə, yaxud kəskin görünə bilər. Bəlkə bunlar Törə endirilən zaman üçün vacib yasaqlar idi? Çünki ilahi kitablarda tarixi ilə əbədi, sadə ilə mürəkkəb, xüsusi ilə ümumi anlayışların paralel getdiyinə və birgəlikdə ilahi ismarışların bütün zamanları qapsadığına dair hikməti də unutmaq olmaz. Bəlkə nəzərdə tutduqlarınızın müasir ilahiyyatçılıqda hansısa başqa yozumları var?
"Tövrat günahların bağışlanması üçün insanlardan maddiyyat tələb edir” dediyinizə gəlincə, belə anladım ki, sizi narahat edən günahların bağışlanması üçün maddi təzminat məsələsidir. Bu, təkcə Törədə deyil, Oxu dediyim Quranda da var: mətnin orijinalında yerinə görə "kəffarə”, yerinə görə "fidyə” sözü ilə ifadə olunur. Yeni tərcüməmdə "kəffarə”ni "suç bahası”, "fidyə”ni də bəzi yerlərdə "qarşılıq”, bəzi məqamlarda isə başqa sözlərlə ifadə edirəm. Oxu ayələrinin birində əsirlərə münasibət variantlarından biri kimi o vurğulanır ki, belələri işlədikləri hərbi cinayətlərin mahiyyətinə uyğun "fidyə”, yəni maddi qarşılıq ödəməklə azad edilə bilərlər (47:4). Yaxud texniki xəta üzündən baş vermiş ölüm hadisəsinə görə günahın yuyulmasına bir vasitə kimi nəzərdə tutulur ki, ölümə bais şəxsdən qan bahası alınaraq mərhumun ailəsinə verilsin. Əgər ailəsi bunu qəbul edirsə. Bu nümunələrin məzmununda nəzərdə tutduğunuz maddiyyat da var.
-Bu gün bütün İslam dünyası Qurban bayramını İsmayılın atası İbrahim peyğəmbər tərəfindən qurban kəsilməsi üçün atdığı addımlarla əlaqədar olaraq qeyd edir. Daha bir ziddiyyətli məqam var. Nəyə görə Tövratda Abrahamın (İbrahim) İsmayılı yox, İsaqı qurban kəsməyə apardığı göstərilib? Sual olunur: Təhrif olunan Tövratdır, yoxsa Quran?
-Müqəddəs Kitabların təhrifə uğradılması yanlış qənaətdir. Bu, din müstəvisində qarşıdurma üçün tarixən düşünülmüş bir məsələ olaraq ortaya atılıb. Törə ilə Müjdəni (Tövratla İncili) necə təhrifli olaraq qəbul edə bilərik ki, Oxu (Quran) həmin müqəddəs yazılara inanmağı müsəlmanlara iman şərtlərindən biri kimi təlqin edir. Oxu həmin yazıları təsdiq edir deyə, ayələr var. Həmin kitablar Quran nazil olandan indiyə kimi dəyişməyibsə, hansı təhrifdən söhbət gedə bilər? Tərcümələrlə yozumları qoyuram bir kənara.
Bu təhrif mövzusunun ortaya atılmasının başqa bir səbəbi də yuxarıda qeyd etdiyim fərqli baxış bucaqlarından doğur. Söhbət ondan gedir ki, İlahi informasiyanın yenilənməsini mahiyyət etibarilə əvvəlkinin inkarı kimi qəbul etmək doğru deyil. Doğru da deyil ki, əvvəlkini təhrif edilmiş kimi qəbul edəsən. İlahi informasiya müqəddəs Kitablar vasitəsilə zaman-zaman bəşər təfəkkürünün təkamülünə uyğunlaşdırılaraq və bu üzdən də bəzi hökm və hikmətlər yenilənərək göndərilib. Məsələn, öncəkiləri təsdiq olaraq Oxunu nazil buyuran Rəbbimiz bu sonuncuya "Ayırd" adını da verib. Verib ki, təkamül keçmiş bəzi belə hökmlərə Oxu işığında baxaq. Bu cür baxdığımızda gözlərimiz daha çox aydınlıqlara açılır və müqəddəs Kitablar arasında ilahi varislik bağlarını ayırd edə bilirik.
Gəlirəm İbrahim peyğəmbərlə bağlı xatırlatdığınız qissəyə. Bəri başdan bir maraqlı məqamı sizə və oxucularınızın diqqətinə çatdırım. Həmin qissədə sevgili oğlunu öz əli ilə qurban verməyə hazırlaşan İbrahimin sınaqdan keçməsi təsvir olunur. Törədə bu, İshaqla baş verdiyi qeyd olunur. Oxuda isə məsələnin İshaqa, yaxud İsmayıla aid olması sadəcə vurğulanmır. Quran bunu ona görə əhəmiyyətsiz sayıb vurğulamır ki, əsas diqqət bir şəxsin kimliyi və adına yox, ilahi hikmətin ifadə etdiyi ismarışa yönəldilsin.
Demək istədiyim odur ki, həmin qissədə İsmayılın adı keçmir. Keçmirsə, hansı ziddiyyətli məqamdan söhbət gedə bilər? O epizodda İsmayıl hallandırılsaydı, bu başqa. Ziddiyyət fərqli-fərqli yozumlardadır, kitabların özündə deyil. Şəxsən mənim üçün də o hadisədə İsmayılınmı, İshaqınmı olduğu maraqlı deyil, maraqlı olan hadisənin özüdür.
Mənim fikrimi soruşsanız, əlbəttə, Quran etiqadlı birisi kimi deyim ki, hadisədə İsmayılın deyil, İshaqın olduğuna inanıram. Niyə? Çünki əvvəla, Oxunun Törəni təsdiq etdiyinə inanıram. İkincisi də, epizoda işıq tutan hikmətli ayələrin ardınca dərhal İshaq xatırlanır, onun İbrahimə peyğəmbərlik müjdəsinin verildiyi qeyd olunur.
Yenə də deyim ki, əhvalatda İbrahim oğlunun kimliyi əhəmiyyət daşımır. Önəmli olan qissədəki hikmətdir və bu hikmət Törədən Oxuya doğru təkamüldə maraqlı bir çalar qazanır ki, istərdim bunu da sizinlə bölüşüm.
Törədə bildirilir ki, İbrahim Tanrıdan bir imtahan olaraq O-nun əmri ilə oğlunu qurban verməyə aparır. Mərva dağının ətəyinə çatandan, hazırlıq işlərini görüb bitirəndən sonra İbrahim bıçağı oğlunun boğazına dirəyir və bu zaman ilahidən səda gəlir ki, oğlana əl vurmasın, İbrahimin Rəbbə sədaqətini artıq məlum edib, Tanrı Özü şahiddir ki, İbrahimin O-nun sözü ilə doğma oğlundan belə keçmək əzmindədir... Törədə bu ağır imtahanın Tanrı əmri ilə başlandığı vurğulanır. Oxuda isə Tanrının əmri deyə bir şey yoxdur, İbrahim epizodun ilahidən o səda gələnə qədərki hissəsini sadəcə öz yuxusunda görür və yuxusu gerçəkləşir. Hər iki variant Rəbbin imtahanı, ssenarisi ilə şərtlənir. Birinci variantın nüzulu zamanı uşaqların qurban verilməsi kimi bütpərəst ənənəsinin hakim olduğu vaxta təsadüf edir.
İkinci variantın nüzulu zamanında isə belə bir ənənə artıq yoxdur, ancaq başqa bir ənənə var: bütpərəstlər yuxularında gördüklərinin ilahidən məlumat olduqlarına inanırlar. Birinci variantda İbrahim peyğəmbər zəiflik göstərib Rəbbindən soruşmur ki, Tanrıya sədaqətini sübut üçün bütpərəstlərə xas belə bir vəhşiliyə niyə təhrik edilməlidir. İkinci variantda zəiflik göstərib bütpərəst inancının təsiri altında yuxuda gördüyünün Tanrı əmri olduğuna inanır. Hətta qurban getməyə hazır olan övladı da inanır ki, bu, Tanrının əmridir. Hər iki halda ilahi ssenaridə əsas məqam İbrahimin təslimiyyətini vurğulamaqdan ibarətdir, çünki əbədi olan bu təslimiyyət məsələsidir. İnformasiyanın təfərrüatında isə zamana görə yenilənmə var. Yenilənmə onda ifadə olunur ki, uşaq qurbanlığına son qoyan Tanrı Özünə təslimiyyət naminə olsa belə heç kimi bu işə cəlb etməz. Yenilənmiş informasiyanın bir qayəsi də ilahi mərhəmətin sonsuzluğu kontekstində günahsız insan qətlinin yolverilməzliyinin daha bir təsdiqidir.
-Qurandakı bəzi ayələr heyvan adları ilə bağlıdır. Mən bir kitabda oxumuşdum ki, bunun səbəbi totemizmin əlamətlərini özündə ehtiva etməsidir. Siz necə düşünürsünüz?
-Xeyr, məncə, bu fikrin heç bir ciddi əsası yoxdur.
-Nəriman müəllim, Quranın "Əhzab” surəsinin 37-38-ci ayələrinə bir normal cavab verən görməmişəm. Peyğəmbəri nə vadar edirdi ki, öz oğulluğu Zeydin arvadı Zeynəbi özünə xanım etdi? Təbii ki, bunun ilahidən verilən bir xəbərdarlıq olduğu göstərilir. Sual edirəm. Allah niyə Zeydin yox, peyğəmbərin tərəfində durdu?
-Öncə bir məsələni qeyd edim. Biz necə iddia edə bilərik ki, bu gün çoxları üçün normal sayılmayan nəsnə 1400 il əvvəl peyğəmbər ətrafına toplanmış ərəblər üçün normal ola bilməzdi. Ənənələr, baxışlar, zaman dəyişir deyə, ümumiyyətlə, keçmişdəki hansısa hadisəni, motivi nə olursa olsun, bu günün prizmasından dəyərləndirmək çətindir. Yenə də deyim, din qaynağı peyğəmbər deyil, Tanrı Özüdür. Tanrının vəhylərində yer alan ssenarisi düşüncələrimizi bu gerçəkliyin üzərində cəmləməyi təlqin edir.
İndi də baxaq istinad etdiyiniz ayələrdə nə deyir:
"Tanrı nemət verdiyi, sənin də lütf eylədiyin kimsəyə "eşini üstündə tut, Tanrıdan çəkin” deyirdin, gizlədirdin canında. Tanrı sənə açdığını, çəkinirdin adamlardan. Ən çox Tanrı haqq yiyəsi ki, təkcə Ondan qorxasan. Və axır o qadına hacəti bitəndə Zeyd, onu sənə nikahladıq. Ki, oğulluğa götürdüyü kimsələr eşlərinə hacətləri bitəndə, bir sıxıntı olmasın inananlar bunlarla evlənərsə. Yetəndi yerinə Tanrının əmri”.
Ayə öncə bu hadisəyə gətirib çıxaran motivlərə üstüörtülü işarə edir. Deyilənə görə, Zeydə ərə getməzdən öncə Zeynəbin özü də peyğəmbəri sevirmiş. Və yenə də deyilənə görə, Zeydə ərə getməzdən öncə Zeynəbin peyğəmbərlə baş tutmayan bir evlənmə məsələsi də olubmuş... Bu deyilənlərin doğru olub-olmadığı bir başqa məsələ, bununla işim yox. Ayənin sonrakı hissəsini izah edənlər hadisənin o səbəblə də şərtləndiyini qeyd edirlər ki, boşanmış qadınlarla evlənmək müsəlman üçün problem yaratmamalıdır. Hətta, bu evlənmək müsəlmanın qanı qanından olmayan oğulluğunun boşadığı bir qadınla olsa belə... Bu hadisə ətrafında yaranan mübahisələr, ziddiyyətlər və islam əleyhdarlarının rişxəndli tənqidləri fonunda həmin ayənin şəxsən məndən ötrü başqa bir hikməti var. Buna bir az, necə deyərlər, uzaqdan gəlib izah verim.
-Bundan sonra izah edəcəyiniz məsələlər mənə maraqlı gəldi.
-Quranda İsa Məsih istisna olmaqla digər peyğəmbərlər olduğu kimi bir ayədə Məhəmməd peyğəmbərə də ünvanlı bir qınaq səsləndirilir. Söhbət "Abəsə” surəsində ("Qaş-qabaq tökdü”) təsviri gedən bir epizodla bağlıdır. Peyğəmbər din mövzusunda ona sorğu ilə müraciət etmiş bir kor kişiyə sayğısızlıq göstərdiyinə görə surədə Rəbbimizin qınağına tuş gəlir.
Məhəmməd Peyğəmbərə aid bu ilahi qınaq onun öz sağlığında haqq elçisinin davranışlarını tənzimləmək məqsədi güdürdüsə, indi bu faktın başqa bir təyinatı da var – peyğəmbər şəxsiyyətini mövhumatçılıq tərzilə ilahiləşdirməyə imkan verməmək. Yeri gəlmişkən, bir məsələni deyim. Peyğəmbərin adı ilə bağlıdır. Bu adın ərəbcəsi - Muhamməd. Qrammatik tələbə uyğun tərcüməsi - "öyülmüş", "öyülən". Görəsən, "həmd" təkcə Tanrı haqqıdırsa, bəs peyğəmbərin həmd edilməyini necə anlamalıyıq? Bu, Quran məntiqinə nə dərəcədə uyğundur? Ən yaxşı halda belə izah edirlər ki, Tanrı özünə aid bəzi isim və sifətləri Ona ən yaxın olan peyğəmbərə verib. Quran məntiqi isə başqa cür düşünməyə imkan açır. Peyğəmbərin adındakı məna çoxlarının qəbul etdiyi kimi "öyülən" deyil, sadəcə keçmiş zaman içində "öyülmüş" olaraq qavranılmalıdır. Və peyğəmbərin öyümünü də Tanrı onu Özünə elçi seçməklə Özü təmin edib, bunu insanların öhdəsinə buraxmayıb. Yəni, Tanrı bu işi Özü artıq bitirib. Törədə və Müjdədə Tanrı tərəfindən öyülmüş, təriflə möhürlənmiş bir peyğəmbərin, yəni Məhəmmədin gəlişi barəsində öncədən verilmiş ilahi xəbərlər də həmin məntiqi təsdiqləyir. Bəli, burası var ki, Tanrının xeyli öncədən nəzərdə tutmuş olduğu seçimini, hələ göndərilməmiş elçisini insanlar həmdlə, öyümlə, təriflə anmaq imkanına malik deyildilər. Bu imkan ümumən insanlar üçün Quran məntiqilə tanınmır. Tanrının peyğəmbər seçimilə Məhəmmədin "öyülməsi" artıq möhürlənib bitmiş bir olaydır. Və ucalıq zirvəsində bərqərar olan peyğəmbərin insanlar tərəfindən öyümünə əslində ehtiyac da qalmayıb...
Qayıdıram o Zeydlə bağlı hadisəyə. Həmin ayə peyğəmbərə ünvanlı hansısa qınaq səsləndirmirsə də, bu gün mahiyyətcə ona xidmət edir ki, insanlar peyğəmbəri bütləşdirmək riskindən sığortalana bilsinlər...
-Salman Rüşdinin "Şeytan ayələri” adlı bir kitabı var. Mən ona haqq qazandırmaq niyyətində deyiləm. "İsra” surəsinin 73-75-ci ayələri, Həcc surəsinin 52-ci ayəsi haqqında danışmağınızı istərdim.
-Baxaq həmin ayələr və sonrakılar nədən bəhs edir: "Az qalmışdılar səni vəhy eylədiyimizdən ayıralar bizə iftira yaxaraq ondan bir başqasını uydurasan. O halda səni özlərinə bir dost edəcəkdilər. Sənə səbat verməsəydik, az qala onlara azacıq meyl edəcəkdin. Belədə sənə həyatı da, ölümü də ikiqat daddırardıq. Bir yardımçı tapmazdın da özünə çıxaydı əleyhimizə. Səni bu torpaqdan çıxarmaq üçün az qala perik salacaqdılar. O halda səndən sonra orda çox qalmazdılar – o qaydaya görə ki, səndən öncə göndərmiş olduğumuz elçilərdən ötrü də bu, işlək idi. Başqalaşma bulmazsan qaydamızda”(17:73-77).
Göründüyü kimi, Rəbbi vəhy kanalı ilə nəzarətdə saxladığı elçisini ayıq salır ki, diqqətli olsun, ona gələn vəhylərlə başqalarının təsiri altına düşəcəyi təqdirdə özündə yarana biləcək hər hansı fikirləri qarışıq salmasın. Bunun pis aqibətlə qurtara biləcəyi xəbərdarlığını da edir elçisinə. Əlbəttə, əslində Rəbbin nəzarətində olan peyğəmbərin prinsipal olaraq sapmaq riski yoxdur. Bir halda ki, Rəbb onu Öz mütləq iradəsilə bundan sığortalayır. Bütün bu deyilənlərin hikməti mahiyyətcə bizdən ötrüdür ki, Quran ola-ola, vəhylərin yazıldığı mətn ola-ola başqa qaynaqlara üz tutub yolumuzu azmayaq.
Həcc surəsinin istinad etdiyiniz ayəsi də ibrətamizdir. "Səndən öncə də elə bir elçi, peyğəmbər göndərmədik ki, arzuladımı, şeytan onun arzusuna atmasın. Tanrı pozub silər şeytanın atdığını. Sonra da möhkəmlədər Tanrı Öz ayələrini. Tanrı biləyən, hikmət yiyəsi” – buyurur Rəbbimiz.
Bu ayədə isə aydın görünür ki, söhbət vəhyin başqa bir informasiya ilə, konkret olaraq şeytani informasiya ilə qarışıq salınmasından belə söz getmir. Peyğəmbərlərin də insan olduqlarına görə hansısa məqamlarda sadəcə nəfsi istəklərinə əyilmələri baş verə bilər ki, Rəbbimiz onları bundan qorumuş olduğunu bəyanlayır. Ancaq ayənin başlıca hikməti, bir daha qeyd edim, ondan ibarətdir ki, insanlar peyğəmbərləri bütləşdirmək riskindən özlərini kənar tuta bilsinlər. Tanrının xalis dini – Oxu dininin tələblərindən biri də budur.
-Məhəmməd peyğəmbərin İslamdan qabaqkı dini inancı nə olub? Hər halda inancsız insan olmur deyilirsə, bundan İslamdan qabaq da peyğəmbərin bir inancda olduğu qənaəti hasil olur.
-Hənifilik, yəni təktanrılıq olub. İbrahim peyğəmbər də bu inancda olub. Quranda deyilir: "İbrahim nə yəhudi, nə də nəsrani idi. Ancaq hənif idi, təslimolan idi, bütçülərdən deyildi” (3:67)
-Mən Allah kəlməsi üzərinə gəlmək istəyirəm. Heç şübhəsiz ki, bu söz İslamdan qabaqkı dövrlərdən qalmadır. Bir çox tədqiqatda bu barədə yazılıb. Yəni Allah sözü bütpərəstlərin ibadət etdiyi Ay İlahəsi "Əl-İllah” kəlməsindən törəyib. Maraqlıdır, deyilmi?
-Bu kəlmə, əlbəttə ki, islamöncəsi zamanlardan qalmadır. Qalmadırsa, mahiyyətcə nədir axı dəyişən? Onu qoyuram bir kənara ki, sizə maraqlı görünən nəsnənin gerçək tarixi fakta əsaslandığı kifayət qədər şübhə doğurur. Çünki buna aid xeyli araşdırmalarla tanışam. Dediyiniz – dinimizin mahiyyətində bütpərəstlik olduğunu iddia edən və İslam dinini tənqid etmək istəyənlərin ortaya atdığı iddiadır. Həm də olduqca zəif iddiadır.
Bütün hikmət təyinatı parametrlərinə görə təktanrılığı mükəmməl bir variantda təqdim edən kosmik-ilahi informasiya qaynaqlı bir dinin – Quran dininin əleyhinə belə zəif arqumentlə çıxış etmək, təbii ki, qeyri-ciddi təsir bağışlayır, ona görə də sadəcə heç bir maraq kəsb etmir.
Ərəbşünaslıq elmində "Allah” sözünün "ilah” (Tanrı mənasında) sözünə "əl” müəyyənlik artiklinin artırılması ilə hasilə gəldiyi vurğulanır. Ərəbcənin daxil olduğu sami dilləri ailəsində olan digər dillərdə də həmin sözün Tanrı mənasında fərqli tələffüzlə ifadə olunan variantları mövcuddur: aramicə "Elaha”, assuriyaca "Alaha”, Törənin orijinalında "Eloah” bu qəbildəndir.
-Bu gün inanclı insanlar ay görəndə salavat çevirir, İslam dininin simvollarından biri də Aydır. Bu, bütpərəstliyin elementlərinin İslama daşınması anlamına gələ bilərmi? Çünki bayaq da dedik ki, İslamdan öncə ərəblərdə Ay İlahəsi deyilən bir anlayış var idi.
-Ümumiyyətlə, onu qeyd edim ki, müqəddəs Kitablarda qınaqlara tuş gələn bütpərəstlik əlamətlərinə din adına olan bütün təriqətlərdə və məzhəblərdə rast gəlinir. Çünki bütün təriqət və məzhəblər tarixin subyektiv-siyasi mahiyyətli ziddiyyətləri fonunda ortaya çıxdığından, bu və ya digər ənənələrin subyektiv təsirilə gəlişdiyindən obyektiv ilahi məzmuna iddia edə bilmir. Vurğulamaq istədiyim odur ki, bütpərəstlik dinin özünə deyil, bu yə digər dindarlıq vərdişlərinə tarix boyu rahatca qarışır. Belə vərdişlər, əlbəttə, vəhy mətnləriləri ilə islah edilə bilər. Məsələn, Ayla bağlı dediyinizə gəlincə, Quranda göy cismlərini ilahlar bilib sitayiş edənlərə belə bir xitab var: "O-nun ayələrindəndir gecəylə gündüz, günəşlə ay. Nə günəşə, nə aya səcdə qılmayın. Bunları yaratmış Tanrıya qulluq qılın, O-na qulluqqılırsınızsa”(41:37) .
-Quranın kitab halına salınması Məhəmməd peyğəmbərin ölümündən sonra baş tutdu. Bu zaman şəxsi hisslər də qatıla bilərdimi bura?
-Xeyr, mümkün deyil. Belə olsaydı, Quranın əlimizdəki dəyişməz qalan nüsxəsinin mətn möcüzəsi kimi tamlığı, bütövlüyü xələldar olardı. Onun tamlığı və bütövlüyünü təsdiq edən riyazi hesablamalar, rəqəmlər bu gün də insanları heyrətə gətirir.
-Belə fikirlər var ki, Quranda ilkin vaxtlarda rəcmlə (daş-qalaq etmək) bağlı ayə olub və sonradan bu ayə çıxarılıb. Bu gün bir çox müsəlman ölkəsində daş-qalaq edilmə var. Bəs bu öz ideya mənbəyini haradan götürür?
-Mənasız iddiadır. Quran-da rəcm cəzasını tətbiq edənlər haqqında ayələr var, onlar ilahi qınağa məruz tutulan bütpərəstlərdir. Şəriət islamına salınan rəcm cəzasının Quran əsası yoxdur, hədislərdən qaynaqlanan bir yanlışlıqdır.
-Heç İncildən danışmadıq...
-Sual vermədiniz, danışmadıq. Məsləhət görürəm vaxtilə yazdığım "Yamanlığa yaxşılıq: Quran-İncil işığında” məqaləmi internetdən tapıb oxuyasınız. Başqa araşdırmam da var, ingiliscə yazmışam: "Paylaşdığımız Təbiətə Ruhani Səyahət: İncil və Quranda Ekoteoloji Uyğunluqlar”. Bu əsər ABŞ və Britaniyanın nüfuzlu elmi çevrələrində xüsusi maraqla qarşılanıb. Liverpul şəhərinin keçmiş yepiskopu Ceyms Consun mənə yazdığına görə, əsəri Britaniya Krallığının vəliəhdi Çarlz da oxuyub. Yepiskop başqa bir məktubunda isə İngiltərə lordu Jonathan Porritt-in əsər haqqında ona yazdığı maraqlı və tərifli qeydlərini mənə göndərib. Sağlıq olsun, öz dilimizə də çevirib həmin əsəri oxucularımıza təqdim edərəm.
-Müsahibənin əvvəlində dedim ki, şəxsi suallar verməyəcəyəm. Amma bu qədər teoloji söhbətdən sonra məncə bu barədə danışmalıyıq. Özünüz ibadət edirsinizmi?
-Əlbəttə.
-Övladlarınız, ailəniz dindardırmı?
-Bəli.
-Ənənəvi İslamdan nə zaman uzaqlaşmaq mümkündür?
-O zaman ki, insan imanını kamilləşdirir. O dərəcədə kamilləşdirir ki, dindarlığı Quran islamının məntiqi işığında gözəlləşir...
-Quranda belə bir ayəyə rast gəlmişəm. Deyilir ki, bir kişi arvadına xəyanət edirsə, 60 gün oruc tutsa günahları bağışlanar. Heç çür uzlaşma yarada bilmirəm...
-Sizə elə gəlir ki, rast gəlmisiniz. Quranda belə ayə yoxdur.
-Quran niyə qadın hüquqlarını məhdudlaşdırır? Məsələn, ayələrdən birində məhkəmədə iki qadının səsi bir kişinin səsinə bərabərdir deyilir. Başqa misallar da çəkmək olar.
-Sitat gətirmək istədiyiniz ayədə söhbət konkret olaraq məhkəmədən getməsə də, məhkəmə perspektivi olan bir məsələdən gedir. Borc vermə aktının sənədləşdirilməsi, yəni yazıya alınması zamanı iki kişi şahid tələb olunur. İki kişi olmayan yerdə kişilərin birini iki qadın əvəzləyə bilər deyə ayədə bir təlqin var.
Niyə bir kişini bir qadın deyil, iki qadın əvəzləməlidir? Bir kişi iki qadınamı bərabərdir deyə məsələyə rişxəndlə yanaşanlara aydınlıq üçün izah edim. Həmin şahidlər ona görə tutulur ki, sövdələşmənin nə zamansa pozulacağı təqdirdə məsuliyyətə şərik olma perspektivi də var. Söhbət maddi məsuliyyətdən gedir. Sövdələşmənin mənfi nəticəsinə görə maddi məsuliyyətin ağırlığı qadınlar üçün yüngülləşdirilir, çünki maddi qazanc əldə edilməsi ilə ailədə daha çox kişilər məşğul olurlar. Bu, məsələnin bir tərəfi. Digər yandan, belə maddi məsuliyyət məqamında kişi və qadın təbiətində kodlaşdırılan fərqli emosionallıq xüsusiyyətləri də (qorxu, həyəcan və s.) da nəzərə alınır ki, nəticədə ilahi ədalət təmin edilə bilsin... Bunu qadınların əqli imkanlarının kişilərdən az olması səpkisində dəyərləndirmək istəyənlərə, qadınların aşağılanması, hüquqlarının məhdudlaşdırılması kimi qəbul edənlərə demək istərdim ki, qadınla kişinin sosial-siyasi müstəvidə bərabərliyi Quran ayələrində təfərrüatı ilə vurğulanan məsələdir. Qadına.
Başqa bir surə adı da "Mücadələ”dir. Haqlarının pozulması ilə bağlı peyğəmbərin yanına şikayətə gələn qadına aid kəlmədir. Cəmiyyət idarəçiliyində, yəni siyasi işlərdə qadınla kişilərin bərabər iştirakına aid də ayələr var. Ayələr qadının hətta müdrik dövlət başçısı ola bilməsilə əlaqədar nümunə də gətirir (Səba məlikəsi).Bu barədə o qədər yazılıb və deyilib ki...
-İmamların, peyğəmbərlərin fəaliyyəti ilə bağlı tarixi faktlara söykənərək tənqidi fikirlər səsləndirmək normaldırmı?
-Birincisi, tarixi faktlar dedikləriniz hədislərdən gəlmədirsə, bunları qoyun bir kənara. Etibarlılığı kifayət qədər şübhə doğura bilər. İkincisi, peyğəmbərlərin, Öz elçilərinin tənqidini Rəbbimiz Özü Quran-da kifayət qədər verib, yəni artıq sizin əlinizdən bu imkan çıxıb, nə söyləmək istəsəniz də təkrarçılıq olacaq, yaxud Qurana istinad etmədən desəniz etibarsız səslənəcək. İşdir, belə bir fikrə düşsəniz, bu dediklərimi nəzərə alın ki, söyləyəcəkləriniz yaxşı halda primitiv, pis halda təhrifli görünməsin. Digər yandan, bir etika məsələsi də var. Məsələn, imamları, övliyaları və başqalarını az qala mələklər qismində tamamilə məsum bilən insanların yanında onların ünvanlarına hansısa tənqidi fikirlər səsləndirməzdim. Ən azından Quranın tələb etdiyi davranış etikası var, bunu nəzərə alıram. Hətta təktanrılığın başqa variantlarında olanlarla – xristianlarla, yəhudilər və b. ilə müzakirələrdə belə bu davranışın gözlənilməsi təlqin olunur Oxuda bildirilir: "Ən gözəli nədirsə, siz elə bir qaydada bəhs eyləyin Kitab əhli ilə. O kəslər bir yana ki, zalımlıq eyləmişlər. Deyin "Biz inanmışıq bizə endirilmişə də, sizə endirilmişə də. Bizim, sizin ilahınız bir ilah. Biz Ona təslim olan kimsələrik” (29:46).
.