"Buraxılış imtahanından əvvəl şagirdlərin koronavirus testindən keçməsi məsələsi gündəmdə deyil".

Bu barədə Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə bildirib.

Onun sözlərinə görə, şagirdlər imtahana buraxılan zaman onların sadəcə temperaturu yoxlanılacaq: "Temperaturu olsa belə, həmin şagirdin imtahana buraxılıb-buraxılmaması məsələsini imtahan binalarındakı təcili tibbi yardımın əməkdaşları yoxlayacaqlar. Sağlamlıq haqqında bəyənnaməyə təkcə koronavirus daxildir. Amma bizim ümumi qaydamız budur ki, şagirddə hər hansı infeksion xəstəlik (suçiçəyi, qızılca və s.) varsa, imtahana gəlməməlidir”.

X.Xanlarzadə qeyd edib ki, üzrlü səbəbdən buraxılış imtahanında iştirak edə bilməyən şagirdlərin yekun attestasiyası sentyabrda aparılacaq: “Burada tək koronavirusdan yox, ümumilikdə hər hansı üzrlü səbəbdən iştirak edə bilməməkdən söhbət gedir. Ötən illərdə qəbul imtahanları iki dəfə keçirildi. Bu il isə koronavirus səbəbindən ali məktəblərə və orta ixtisas müəssisələrinə qəbul imtahanı bir dəfə keçiriləcəyi üçün həmin şagirdlər imtahan vermək hüququnu itirirlər”. 

Sağlamlıq haqqında yanlış bəyannamə verən şagird və abituriyentlərin imtahan nəticələri ləğv olunacaq

Dövlət İmtahan Mərkəzi bu il buraxılış imtahanı verəcək şagirdlərin təqdim etməli olduğu sağlamlıq haqqında bəyannamə barədə məsələyə aydınlıq gətirib.

DİM-in mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə bildirib ki, şagirdlər imtahana buraxılış vərəqini çap edəndə bəyənnaməni də çap edəcəklər: “Yəni, bir vərəqdə imtahana buraxılış vərəqi, ardınca da bəyənnamə çıxacaq. Şagird bu bəyənnaməni çap edib imzalayır ki, son 15 gün ərzində onda və ya ailə üzvlərində koronavirus olmayıb və virusa yoluxmuş şəxslərlə təmasda olmayıblar. Bununla şagird məsuliyyəti öz üzərinə götürür və bəyənnaməni imzalayıb bizə təqdim edir. Biz bəyənnamədə də qeyd etmişik ki, hansısa şagirdin özü haqqında yanlış məlumat verdiyi aşkarlansa, onda onun imtahan nəticələri ləğv edilə bilər. Biz koronavirusu müəyyən etmirik, burada vətəndaş məsuliyyəti öz üzərinə götürür ki, son 15 gündə onda və ailə üzvlərində, eyni zamanda təmasda olduğu adamlarda koronavirus aşkarlanmayıb. Dediyim kimi, qəsdən gizlədən şagirdin nəticəsi ləğv oluna bilər. Bizim məqsədimiz budur ki, şagird bizi aldatmasın, özü bildirsin ki, xəstədir və ya sağlamdır”.
 

.