Böyük Britaniyanın "Gilgamesh Publishing" nəşriyyatı "Diktatorların naharı. Pis zövq, yaxud tiranların əyləncəsi üzrə təlimat" adlı kitab təzəlikcə işıq üzü görüb. Müəlliflər Viktoriya Klark və Melissa Skott müasir zamanın diktatorlarının həyatına gözlənilməz tərəfdən baxmaqla maraqlı faktlar aşkarlayıblar. Müəlliflərin fikrincə tiranların yeməyə olan ehtirası onların psixoloji portretlərinə yeni detallar əlavə etməklə aydınlıq gətirir. Böyük xalqları qorxu altında saxlamağı bacaran adamların seçimi hamıya maraqlı ola bilər.
Dadlı yeməyi hər kəs sevir. Amma bu kitabı oxuyarkən dünya diktatorları, qanlı rejimlərin ideoloqları qarşımızda gah məsum şirni sevən, gah da qarınqulu kimi görünür. Kitabı vərəqləyənlən anlayır ki, yaxşı diktator olmaqçün yaxşı da yemək lazımdı. Tarix göstərir ki, despotlar təbiətcə yırtıcı olduğundan tərəvəz yeməklə qane olan deyil. Bütün bu diktatorları birləşdirən bir cəhət var: onlar zəhərlənməkdən qorxurdu.

Hitler bolqar kəndlilərinin nəcisini yeyirmiş

Ən çox insan tələfatına səbəb olan rejimin yaradıcısı Adolf Hitler özü vegetarian olub, yəni ət məhsulları yemirdi. Ətrafından kimsə toyuq şorbası istəsəydi, o, "Ooo, siz meyit suyu içməyi sevirsiz" deyib lağa qoyardı. Hitlerin yeməyi makaron, düyü, noxud və gül kələmindən ibarət olardı. Ətdən o, 1931-ci ildə imtina etmişdi. Bəzi tarixçilər düşünür ki, sevimli qohumu və məşuqəsi Geli Raubalın ölümünə belə reaksiya vermişdi. Başqa bir mənbə isə deyir ki, Hitler kumiri Rixard Vaqnerin həyat tərzini yamsılayırdı. Vaqner yazırdı ki, ət yemək və irqlər arası nikahlar insan genefondunu korlayıb. "Diktatorların naharı" kitabının müəllifləri Melissa və Viktoriya təkid edir ki, Hitlerin ət yeməklərindən imtina etməsi həzmdə problemlərin olması ilə əlaqədardır. Nasizm ideoloqu meteorizmdən əziyyət çəkirdi. Yeməkdən sonra ətrafındakılara zülm verərək havanı möhkəmcə korlayırdı. Qarnındakı qurultunu uzaqdan eşitmək olurdu. Əgər bu qüsuru olmasaydı, Hitler ləzzətlə sevimli yeməklərini - "hamburqsayağı cücələr"i (dil, qara ciyər və püstə ilə içi doldurulmuş göyərçinlər) yeməyinə davam edərdi. Ümumilikdə, Hitler öz sağlamlığı barədə çox vasvası idi. Hələ 37-ci ildə tezliklə öləcəyindən əmin idi və ona görə də müharibəni tezbazar başlayıb bitirmək istəyirdi. Bu barədə o, siyasi vəsiyyətnaməsində yazır. Onun ətrafında həkimlər dəstəsi olurdu. 45-ci ilin aprelində dünyanın ən iyvermiş nasisti günə 82 dərman preparatı qəbul edirdi. Hitlerin zəhərlənmək qorxusu da vardı. Bu fikir onu vahiməyə salırdı. Ona görə də hər yeməkdən əvvəl 15 nəfərlik dequstator qadınlar dəstəsi fürerin yeməyinin dadına baxırdı. Onlar təmiz alman idi. Əgər yeməkdən 45 dəqiqə sonra hələ sağ olardılarsa, Hitler həmin yeməyi yeməyə başlayardı. Metiorizmlə mübarizədə Hitlerin həkimləri bütün vasitələrə əl atırdı. Onlar bu məsələni həll etmək üçün Hitlerə bolqar kəndlilərinin nəcisindən hazırlanmış cövhər içirtmək kimi son addıma əl atsalar da, nəticəsi olmamışdı. Fırıldaqçı həkim kimi tanınan Teodor Morrell Hitlerin üzərində 28 növ yeni dərmanı təcrübədən keçirmişdi.

Təbiətcə guya vegetarian olan Hitler söhbətlərində qanlı səhnələrdən qətiyyən iyrənməzdi. Özü ot-tərəvəz yediyi vaxt Ukraynada qanlı hadisələri danışmaqdan ləzzət alırdı. Bəzən mövzu o qədər iyrənc olurdu ki, onun ətrafındakılar yeməyini bitirə bilmirdi.

Səddam Hüseyni ovudan konfetlər

Liviya lideri Müəmmar Qəddafi Liviya mətbəxinə üstünlük verirdi. O, dəvə südünü çox sevirmiş. Onun fikrincə bu məhsul dişləri ağartmağın ən yaxşı üsuludur. Axı, Qəddafi Hollivud təbəssümü ilə fəxr edirdi. Təbii ki, o, südü sağılan kimi isti-isti içirdi. Ona görə də harasa səfərə gedəsi olanda yanında iki dəvə aparırdı ki, əlim yandıda qalmasın. Deyilənə görə, dəvə südünə aludəçilik onda mədə pozuntusu yaradırdı, çünki dəvə südü çox yağlı olur. Ən sevdiyi yemək isə buğda yarması ilə bişirilmiş dəvə əti idi. Amma əlinə italyan pastası düşərdisə, onu da əldən verməzdi. Silvia Berluskoni ilə görüşündə o, İtaliya mətbəxinin təamlarını ləzzətlə yeyirmiş.
Daha bir Yaxın Şərq lideri Səddam Hüseyn hisə verilmiş və qızardılmış balığı yeməyi sevirdi. Karp balığına üstünlük verərdi. Səddam səhər tezdən yuxudan durub günəşi əlində balıqçı tilovu ilə qarşılayardı. Tilovuna nə düşərdisə onun səhər yeməyi olardı. Aşpazlar bu balığı bir göz qırpımında qızardıb süfrəsinə gətirərdi. Səddam Hüseyn süfrə tərtibatını xüsusi sevməsi və yeməklərin porsiyasında nisbətin saxlanmasında xüsusi dəqiqliyi ilə seçilərdi. Onun 20 sarayında hamısında birdən eyni vaxtda yemək hazırlanardı, çünki naharını harda yeyəcəyini qabaqcadan deməzdi. İrakın keçmiş prezidenti hazırlanmış quzu, yaxud dana ətində bütün piylərin çıxarılmasını tələb edirdi. Təzəcə tutulmuş dəniz xərçəngi və omarları da sevirdi. Zeytuna gəlincə holland yüksəkliklərinin ağaclarına üstünlük verirdi. Arabir sevimli zeytunlarını yeyərkən çəyirdəyini çox uzağa tüpürəndən sonra deyirmiş: "Bax, İsraili də mən beləcə tutduqları ərazilərdən çıxaracam!"
Səddamın həbsindən sonra onun soyuducusunda çoxlu şokolad batonları və böyük bir bağlama tapıldı. Bu bağlamada çoxlu iris konfeti vardı. Şokoladdan "Bounty", irisdən isə "Quality Street" ona ən dadlı gəlirdi. Deyilənə görə, ən son günlərində yalnız bu şirniyyatlar onu depressiv durumdan çıxara bilirdi. Psixoloqların dediyinə görə, insan şirniyə meyl çəkirsə, deməli ətrafında sevginin yoxluğundan əziyyət çəkir.

Putinin babası Stalinin aşpazı olub

Stalin uzun sürən, səs-küylü məclisləri çox sevirdi. Onun sevimli kəmşirin şərab "Xvançkaru" sanki su yerinə içilirdi. Sovetlər quruluşunda yemək qıtlığı olsa da, süfrənin zənginliyi lap padşahsayağı olurdu. Xruşşovun xatirələrinə inansaq qonaqlıq axşam 11-də başlayıb sübhə qədər davam edirdi. Bu qədər içəndən sonra səhər 5, 6-da ayıq olub özünə nəzarəti itirməmək hər kişinin işi deyildi. Stalin hər kəsə diqqətlə göz qoyduğundan, içəndən sonra danışığını izlədiyindən bu məclislər əsl işgəncəyə çevrilirdi. Qonaqlarını rahat buraxmayan Stalin bir dənə də tostu ötürməyə imkan vermirdi. Ən dözümlü alkoqolik adı çıxarmış Çörçil də Stalinin sevimli şərabını götürə bilmirdi. Belə qonaqlıqlardan birindən sonra Nikita Sergeyeviç Xruşşov gecə yatağını islatmışdı. Titonun xatirələrində isə oxuyuruq ki, o, məclisdə başını itirməmək üçün içkinin bir hissəsini pencəyinin qoltuğuna tökürmüş. Axı Stalin hamının danışığına göz qoyurdu.
"Xalqların ata"sı satsivi yeməyini sevirmiş. Satsivi qozlu sousda bişirilmiş toyuq ətidir. "Diktatorların naharı" kitabının müəllifləri bu yeməyi "qəhvəyi horra" adlandırıb. Onlar yəqin ki, bizim fisincana bənzər yeməyin dadını bilmirlər ki, belə yazırlar. Narkom Mikoyanın xatirələrində deyilir ki, Stalin çanaxi adlı yeməyi süfrənin şahı hesab edirdi. Bu yemək gürcü mətbəxindəndir. Gil qabın içində qoyun əti, tərəvəzlərlə - badımcan, kartof, pomidor və soğan ilə birlikdə vam odda bişirilir. Üstünə keşniş və başqa göylər səpilir. Süfrəyə elə gil qabın içində isti verilən bu yemək çox təravətli qoxuyur. Bu yeməyi nəinki Stalin, onun qonaqları da xüsusi iştahayla gözləyirdi. Stalinin bağında verilən ziyafətlər, işgəncə dərəcəsinə çatdırılmış zəhlətökən lətifələr siyasi olaylara dadlı prelüd idi. Stalinin ad çıxarmış qonaqlıqlarının baş aşpazı Rusiya prezidenti Vladimir Putinin babası Spiridon Putin olub.

Balıq adamın ağzında çapalamalıdı

Hazırda sağ olan diktatorlardan Cənubi Koreya rəhbəri Kim Çen In maraqlı seçimi ilə diqqəti cəlb edir. Onun şəxsi aşpazları rəhbəri razı salacaq reseptlər, dadlı təamlar axtarmaqla əldən-ayaqdan düşüblər. Xalqın rifahını durmadan düşünmək üçün "yazıq" arabir öz sağlamlığının da qeydinə qalmalı olur. Onun orqanizmi İran kürüsü, Taivan manqosu, yapon düyüsündən hazırlanmış pirojna və canlı omarları daha yaxşı həzm edir. Diktatorun süfrəsinə gələcək hər bir düyü dənəsinin taleyini xüsusi yaradılmış institutun mütəxəssiləri müəyyənləşdirir. Bu tədqiqat institutu yalnız dahi rəhbərin sağlamlığı ilə məşğul olur. Düyüləri xüsusi qaydada seçilmiş və tədris edilmiş gözəl xanımlar arıtlayır. Ola bilər gözəl qadınların əli dəymiş düyülər daha dadlı və xeyirli olur. Onların seçdiyi düyülər eyni boyda, formada və rəngdə olmalıdı. Dünya imperializmi ilə çarpışmada itirdiyi qüvvəsini qaytarmaq üçün Kim Çen akula üzgəclərindən bişirilmiş şorba və "Emmental" pendiri yeyir. Həmin məhsullar da bura xüsusi olaraq İsveçrədən gətirilir. Kim Çenin balıq işinə baxan xüsusi adamı var. O, yapon balığı - fuqu üzrə ixtisaslaşıb, çünki o balığı düzgün kəsmədikdə ölümə səbəb olur. Bu mütəxəssisi deyir ki, rəhbər balığı onun ağzında çapalayacaq qədər təzə olanda sevir. Onun zirzəmilərində 10 min butulka şərab və elit növ konyak saxlanır.
Kommunizmi palmalar arasında qurmuş Fidel Kastroya delikates - tısbağa ətindən hazırlanmış şorba qüvvə verib. Bəzi ölkələrin qanunvericiliyində bu yemək qadağan edilib. Amma Kuba lideri tərəvəzlərlə bişirilmiş, qatı, qəhvəyi şorbasından əl çəkmək fikrində deyil.
Mussolini pasta, piroq və şirniyyatı heç bir formada qəbul etmirdi. Onun fikrincə karbohidratlar, xüsusilə də kartof püresi onda dəhşətli başağrısı gətirir. Amma xırda doğranmış sarımsağı zeytun yağı və limon şirəsi ilə birlikdə ötürməyi sevirdi. Bəlkə elə həmin səbəbdən onun xanımı Rakela Qaudi gecələrini əri ilə yox, uşaqların otağında keçirməyə üstünlük verərdi.
Ən murdar yeməkləri sevən adam kimi Xastinq Banda, Malavinin (1963-1994 illər) keçmiş prezidenti ad çıxarıb. O, ağzında nəyisə xırçıldatmaq istəyəndə çipsləri deyil, mopane ağacının qurudulmuş soxulcanlarını ağzına atırdı. Deyilənə görə, bu soxulcanların tərkibindəki xeyirli maddələr həddən artıq yüksəkdi və tərkibindəki dəmir elementi ətdən artıqdı.

"Mən insan əti yemirəm, onun dadı şortəhərdi"

Yemək məsələsinə gəlincə ən isti qitənin qərb hissəsindəki əhalinin liderlərini vaxtaşırı ittiham edirlər. Amma bu, zəncilərin yerli ənənələri ilə də əlaqədardır. Məsələn, Afrika tarixində ən totalitar rejimin yaradıcısı İdi Amini götürək. O, hələ də adamyeyənlik ittihamından qurtula bilməyib. Bəzi mənbələr təsdiqləyir ki, o özü əsirləri və ona qarşı çıxan öldürülmüş düşmənlərini yediyini dilinə gətirib. Diktatorun "Mən insan əti yemirəm, onun dadı şortəhərdi" deməsi bu ittihamdan qurtarmaq əvəzinə onun zəif yerini bir daha təsdiqləyir. Uqandanın prezidenti (1971-1979) əslində hər şeyi yeməyi sevirmiş. Onun üçün pitsa, yoxsa Amerika fastfudundan qızarmış toyuq olsa, bir o qədər də fərq etməzmiş. O, günə azı 40 portağal yeyirmiş, çünki sitrus meyvələrini ən yaxşı afrodeziak, yəni ehtirasa gətirən vasitə sayırdı. Əgər qonağı qərb ölkələrindən olardısa yerli mətbəxə üstünlük verərmiş. Yəqin qərb adamının oturub arı sürfələrini, yaxud qızardılmış cırcırama yeməsini qonaqpərvərliyin ən yüksək nöqtəsi sayırmış.
Nikola Çauşesku son dərəcə şübhələnən olduğundan, hətta rəsmi görüşlərə də öz yeməyi ilə gəlirdi. O hamının yediyini heç vaxt yeməzdi. Amma təklikdə olanda Çauşeçku toyuq ətindən raquya üstünlük verirdi. Amma toyuğun başı və ayaqları da mütləq yeməyin içində olmalı idi. Çauşeskonun yanında daim ixtisası kimyaçı olan bir zabit olardı. Onun qoltuğundakı kiçik laboratoriyada hər bir yeməyi yoxlamaq mümkün idi.
Yuqoslaviya lideri İosip Broz Tito həmişə çiy tərəvəz şirəsi içməyilə qonaqlarının təəccübünü doğurardı. O, heç vaxt bərk yemək yeməzdi, sanki balaca uşaq kimi horra içərdi. Kral ailəsinə, estrada və ekran ulduzlarına olan qonaqpərvərliyi ilə bərabər bu adam öz evində təklikdə olanda cızdağ edilmiş donuz piyini yeyərdi. Portuqal diktatoru Salazarinin çətin keçən uşaqlığı onun bütün həyatına iz salıb. O, ömrünün sonuna kimi sardin balığını xüsusi şövqlə yeyərək hər dəfə bir balığı qardaşı ilə necə böldüyü kasıb uşaqlığını xatırlayardı. İmkanı məhdud olmasa da balıq sümüklərindən bişmiş şorba və yağsız qızardılmış çörək dilimləri onun üçün ən dadlı yemək idi.
Mao Tsedun bütün diqqətini seksə, yeməyə və öz ifrazatına ayırırdı: "Mən çox yeyirəm və mən çox ifraz edirəm". İfrazat məsələsi onun üçün yemək qədər vacib faktor idi. SSRİ-yə Stalinlə görüşə gəldiyi zaman Çin Xalq Respublikasının lideri adət elədiyi formada tualetə gedə bilmədiyi üçün hiddətlənib özündən çıxmışdı. O vaxtlar hər yerdə unitazlar quraşdırılmışdı. Mao Tsedun isə sallağı oturmağa adət eləmişdi.

***

Diktatorları adi sıravi insan dərəcəsinə endirdikdən sonra da onların bəşər qarşısında törətdiyi günahlar kiçilməz. Vəhşilik, yırtıcılıq və insanilik arasından keçən sərhəd və onları barışmaz iki hissəyə ayıran orta xətt bəzən çox nazik olur. Bunu göz qırpmadan adam öldürtdürən diktatorların gizlədikləri şokoladlı konfetlər sübut edir. Cangüdənlər, yeməyin dadına baxanlar, mühafizəkarlar ordusunun olmasına baxmayaraq diktatorların əksəriyyəti zorakı ölümlə həyatını bitirib.(bizimyol.info)
.