Milli Məclisin deputatları – parlamentin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, qrupun üzvləri Ağalar Vəliyev və Anar Məmmədov 8 noyabr – Zəfər Günü münasibətilə ölkəmizin Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə Türkiyənin Ankara və İstanbul şəhərlərində keçirilən silsilə tədbirlərdə iştirak edib, 44 günlük Vətən müharibəsində həlak olmuş şəhidlərin əziz xatirəsini yad ediblər. 
İlk öncə deputatlar Azərbaycanın Türkiyədəki səfirliyi və diplomatik nümayəndəliyimizin nəzdində Silahlı Qüvvələrin Hərbi Attaşelik Aparatı 8 Noyabr – Zəfər Günü münasibətilə Ankarada rəsmi qəbulda iştirak ediblər. Quru Qoşunlar Məktəbində keçirilən mərasimdə şəhid ailələri və qazilər, rəsmi şəxslər, millət vəkilləri, Türkiyə Silahlı Qüvvələrinin ali vəzifəli şəxsləri, qardaş ölkə ictimaiyyətinin görkəmli nümayəndələri iştirak ediblər.
Daha sonra Zəfər Günü münasibətilə İstanbul Dəniz Muzeyində “Qarabağ Azərbaycandır!” mövzusunda beynəlxalq uşaq rəsm sərgisində iştirak edən Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov şanlı Zəfərimiz və belə tarixi günə həsr olunmuş uşaq rəsm sərgisinin açılmasının əhəmiyyətindən danışıb. Daha sonra ölkəmizin İstanbuldakı Baş konsulu Nərminə Mustafayeva İkinci Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq, eləcə də 44 günlük Vətən müharibəsi dövründə qardaş Türkiyənin ölkəmizə dəstəyi haqqında tədbir iştirakçılarını məlumatlandırıb. 
Onu da qeyd edək ki, Türkiyəyə səfər çərçivəsində deputatlar Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım və Türkiyə Böyük Millət Məclisinin (TBMM) Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrımı ziyarət edib, onların səhhəti ilə maraqlanıb, Zəfər günündə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun qazandığı rəşadətli Qələbənin yüksək nəticələrindən danışaraq əminliklə qeyd ediblər ki, böyük Qarabağ Zəfəri əbədiyyətə qədər xalqlarımızın iftixar qaynağı kimi qorunacaq.

 

 

 

 .  

 

 

 

.