Paytaxtda bir neçə yerdə sığınacaqlar təşkil olunsa da, son günlərin qarlı qış gecələrində soyuqdan donaraq dünyasını dəyişənlər də az olmadı.
Movqe.az-a daxil olan məlumata görə, iki gün öncə Azərbaycanın millət vəkili Zahid Orucun yaxını da qarlı-şaxtalı havada faciəli şəkildə dünyasını dəyişib. Millət vəkilinin 42 yaşlı yaxını gecə işdən çıxaraq evə gələrkən buz üstə sürüşərək huşunu itirib.
Köməksiz vəziyyətdə səhərə qədər buzun üstündə qalan həmin şəxs donaraq ölüb. Millət vəkili ötən bazar günü yaxınının yas məclisində iştirak edib. Həmin şəxs Heydər Əliyev adına Hava Limanında çalışırmış.
Məlumat dəqiqləşdirilmək üçün Zahid Oricla da əlaqə saxlanılıb. Millət vəkili xəbəri təsdiqləyərək hadisənin bir faciə olduğunu söyləməklə kifayətlənib. Eyni zamanda dünyasını dəyişən şəxsin ona yaxın insan olduğunu və ötən bazar yas mərasiminə qatıldığını da təsdiqləyib.
*** 11:31
Bakıda bir nəfər donaraq ölüb
Bakıda son günlər müşahidə olunan şaxtalı hava bir nəfərin həyatına son qoyub.
Paytaxtın Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə şəhərin Xanlar küçəsi 24 ünvanında qeydə alınıb. Həmin ünvanda küçədən donmuş meyit tapılıb. Araşdırma nəticəsində ölən şəxsin tüfeyli həyat tərzi keçirən 1963-cü il təvəllüdlü Mişakkiyeva Tatyana Nikolayevna olduğu müəyyənləşib.
Faktla bağlı araşdırma aparılır.
.
