"Hər bir yol patrul xidməti əməkdaşı gün ərzində 3 dəfə təlimatlandırılır”.
Bunu azvision.az-a açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib.
V.Əsədov ötən gün Milli Məclisin iclasında komitə sədri Eldar İbrahimovun yol polisi ilə bağlı səsləndirdiyi ittihamlara cavab verib: "Cəmiyyətdə elə insanlar var ki, onları hər kəs tanıyır. Bu baxımdan polis əməkdaşları da həmin şəxsləri tanımalıdır”.
DYP rəsmisinin sözlərinə görə, hansısa polis əməkdaşlarının hafizəsində nöqsanlar ola bilər.
Xatırladaq ki, Milli Məclisində ötən gün keçirilən iclas zamanı "Yol hərəkəti haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı Milli Məclisin üzvü Eldar İbrahimov Dövlət Yol Polisi əməkdaşlarının bəzi hallarda hazırlıqsız olmaları barədə qeydlərini dilə gətirib. Millət vəkili bildirib ki, DYP əməkdaşları qanuna müvafiq olaraq vətəndaşlar, həmçinin dövlət məmurları və millət vəkilləri ilə davranışlarında diqqətli olmalı, qanunun tələblərinə əməl etməlidirlər: "Onlar bəzi hallarda vətəndaşla kobud danışırlar. Polis serjantlarını işə götürəndə təbliğat işi aparılmalı, davranış qaydaları öyrədilməlidir. Hətta məni də saxlayıblar. Milli Məclisin deputatlıq kitabçasını da göstərmişəm. Deyirəm oxuyun ki, orada nə yazılıb. Mənə deyir ki, "bu kitabçadan hamıda var da”. Deyirəm, a kişi, bu kitabçadan 125 deputatda var. Oxudun başa düşmədin? Bu "dana” hardan gəlib? Bunları işə götürəndə təbliğat işi də aparılmalıdır”..