Milli Məclis "Bələdiyyələrin statusu haqqında” Qanunun müzakirəsi xeyli gərgin keçib.
Deputat Qüdrət Həsənquliyev MSK-nın bələdiyyənin fəaliyyətinə xitam verməsini düzgün saymadı. O bildirdi ki, 1700 bələdiyyənin Milli Məclisdə hesabat verməsi mümkün deyil.
İcrası mümkün olmayan bir qanunun qəbulunu düzgün saymayan deputat bunu reallaşdırmağın fiziki baxımdan mümkün olmadığını da qeyd etdi. Q.Həsənquliyev layihənin düzgün hazırlanmadığı üçün onun müzakirəsini dayandırmağı təklif etdi. Eldar Quliyev də təklif olunan dəyişikliklərə qarşı çıxdı.
Deputat Qalib Salahzadə də Q.Həsənquliyevin dediklərini müdafiə etdi: "Bakı bələdiyyələrinin xəritəsi yoxdur. Torpaqlarla bağlı cinayətlər burdan ortaya çıxır. Nə qədər ki, icra hakimiyyətləri bələdiyyələrə nəzarət edirlər, o bələdiyyələr yalandandır”.
Hacı Qalib sensasion bir bəyanat da verdi: "Artıq bələdiyyələr indidən seçilib, kim olacaq, camaat bilir. Sonra da deyirlər kadr yoxdur. Kadr var, sadəcə imkan vermirlər”.
Yekunda isə o, "bir az cürətli danışdım, ancaq düz danışdım” - deyə, əlavə etdi.
Düputat Arif Rəhimzadə isə dedi ki, bələdiyyələr bir-bir hesabat verməyəcək: "Ancaq seçicilərin sayı həddən artıq çox olan bələdiyyələrlə bağlı çətinlik olacaq. Bu zaman 10-20 iclas da ola bilər. Ancaq bu bələdiyyələrin xüsusi çəkisi 3 fazidir”.
Deputat Fazil Mustafa da iki seçkili qurumdan birinin digərinə hesabat verməsini düzgün saymadı: "Bələdiyyələrin əksəriyyətinin əlində mülkiyyət, reklam yoxdur. Öz ərazisində nəqliyyata nəzarət edə bilmir. Ancaq qabiliyyətli işçilər hesabına əhalidən torpaq pulu yığır. 5 ildə burda kimdən hesabat istəyə bildik? Bunun kökündə hüquqi nonses var, onu tətbiq etmək mümkün deyil. Ya gərək statusunu qaldırmalıyıq, ya da... Onsuz da səlahiyyəti yoxdur, hələ bir az da zəiflədirik. Bu, dövlətin əleyhinə qurum deyil”.
F.Mustafa da dəyişikliklərə qarşı çıxdı.
.