
"Dünyada 2 milyard insan yoxsul şəraitdə yaşayır. 2010 -cu ildə Azərbaycanda bu kateqoriyadan olan 2 milyon insan var idi. Bu gün isə ölkədə yoxsul səviyyəsində yaşayan insan yoxdur”.
ANS PRESS-in məlumatına görə, bunu millət vəkili, Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib. O bildirib ki, bu məqamlar ölkəmizin iqtisadi inkişafının göstəricisidir.
Deputat qeyd edib ki, son vaxtlar sosial evlərin tikilməsi məsələsi müzakirə olunur: "Dövlət tərəfindən həyata keçirilən tədbirlər var. İndiyə qədər qaçqınlar üçün 82 qəsəbə və 45 min mənzil tikilib. Lakin bu proqramlarla büdcəni yükləmək lazım deyil. Dövlət sahibkarlara şərait yaratmalıdır ki, sahibkar da sosial evləri tikərək insanlara ipoteka yolu ilə sata bilsin".
Millət vəkili qeyd edib ki, tütün məhsullarında aksiz və əlavə dəyər vergilərinin (ƏDV) artırılmasına ehtiyac var. Deputatın sözlərinə görə, Azərbaycanda siqaretin qiyməti digər ölkələrlə müqayisədə ucuzdur: "Fikrimcə, bu qiymət artırılmalıdır. Düzdür, siqaret haqqında qanun müzakirədədir, ancaq hələlik qəbul olunmayıb. Amma bu məsələlər nəzərə alınmalıdır”.
.