"Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) nümayəndələrinin Xankəndiyə silah-sursat daşımasına dair şübhələr var".

Bunu Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

O bildirib ki, komitə bütün prinsipləri pozub və qərəzini gizlədə bilmədi.

Deputatın sözlərinə görə, bu təşkilatın Azərbaycanın Qarabağ bölgəsində fəaliyyətində ciddi qanun pozuntuları aşkarlanması təəssüf doğurur: "Laçın sərhəd-buraxılış məntəqəsindən Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə tibbi evakuasiya təyinatlı keçidə şərait yaradılması, minik avtomobillərinin Xankəndidən Ermənistan istiqamətinə keçidi bir daha təsdiqləyir ki, Azərbaycan tərəfi burada heç bir humanitar məqsədli keçidə mane olmur. Mülki ermənilərin də BQXK vasitəsilə Azərbaycanın Ermənistanla sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcındakı sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidi təmin edilir. Amma təşkilatın nümayəndələri öz səlahiyyətlərindən sui-istifadə edərək faktiki qaçaqmalçılıq fəaliyyəti göstəriblər. Görünən budur ki, “humanitar missiya” adı altında separatizmə dəstək verilir. Azərbaycan ərazisinə qeyri-qanuni şəkildə, rəsmiləşdirilmədən, gömrük rüsumu ödənilmədən məhsullar gətirilir. Təbii ki, heç bir ölkə öz ərazisində belə qanunsuzluğun olmasına dözməməlidir".

.