96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə Milli Məclisin deputatı Anar Məmmədov 44 günlük Vətən müharibəsində itkin düşən şəxs Goranboy rayonu, Goranlı kənd sakini İxtiyar İlqaroğlunun evində olub. Bu barədə deputat öz şəxsi facebook səhifəsində paylaşım edib.



Əziz dostlar!

Şəkildə gördüyünüz şəxs Goranboy rayonu, Goranlı kənd sakini Əliyev İlqar Puşkin oğludur. Əliyev İlqar Birinci Qarabağ müharibəsinin fəal iştirakçılarından biri olub. Goranboy rayonunda olduğumuz müddətdə İlqar Əliyevin evində olub, onun qayğıları ilə maraqlandıq. Nəzərinizə çatdırım ki, İlqar Əliyevin iki oğul övladı var. Övladlarının hər biri 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. İlqar Əliyevin oğlu İxtiyar İlqaroğlu Suqovuşan istiqamətində gedən döyüşlərdə itkin düşüb. Digər oğlu qazi Bəxtiyar İlqaroğlu isə sağ ayağından amputasiya olunub.
Evində qonaq olduğumuz müddətdə qazimizin atası İlqar Əliyev tərəddüdsüz "Vətən sağ olsun", "Yaşasın Ali Baş Komandan" deyərək milli həmrəyliyin təntənəsini növbəti dəfə bizə yaşatdı. Kədərli olsalar da, keçirdikləri qürur hissi ilə Azərbaycanın qalib xalq olduğunu bir daha sübut etdi.
Biz də torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canını fəda etmiş bütün şəhid ailələri və qazilərimiz daim dövlətin diqqət və qayğısı altında olacağını diqqətə çatdırdıq.

.