Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müasir dövrün tələbinə uyğun islahatlar, icra edilən iqtisadi proqram və sərəncamlar ölkəmizin nüfuzunun sərhədlərini genişləndirməklə bərabər, insan amilinin də inkişafına güclü təkan verib. Azərbaycan öz daxili siyasətində insan amilinə prioritet istiqamət verməklə həm iqtisadi, həm sosial və həm də siyasi proseslərdə önəmli mövqe qazanıb.
Prezident İlham Əliyevin “Ağsu və Şamaxı rayonlarında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalaması Azərbaycan vətəndaşı üçün dövlət tərəfindən bütün zəruri tədbirlərin görülməsi istiqamətində atılan növbəti addımlardan biridir. 
Ötən 17 il ərzində həyata keçirilən bütün islahat və layihələrdə, bədbəxt hadisələr zamanı çətin vəziyyətə düşmüş vətəndaşların yanında olan, onlara kömək edən, problemlərini həll edən Prezident İlham Əliyev hər addımı ilə vətəndaşın yanında olduğunu sübut edir. 
Azərbaycan Prezidenti ölkə həyatının bütün sahələrini daim nəzarətdə saxlayır, vaxtaşırı bölgələrdə olur, yerlərdə qarşılaşılan mövcud problemlərin həlli üçün tədbirlər görülməsini reallaşdırır. Burada diqqətçəkən məqam, həm də odur ki, dövlət başçısı ölkədə baş verən ekstremal proseslərə də hər zaman çevik münasibət bildirir, hadisə yerində olur, insanlarla görüşür, onların qayğıları, problemləri ilə dərindən maraqlanır, çətinliklərin aradan qaldırılması məqsədilə müvafiq dövlət qurumları rəhbərlərinə konkret tapşırıq və tövsiyələr verir. 
2004-cü ilin yanvarında Lənkəran şəhərində yaşayış binasının uçması, 2005-ci ilin iyununda metronun “İçərişəhər” stansiyasının eskalatorunda nasazlıq yaranması, həmin ilin dekabrında təyyarə qəzası baş verməsi, 2007-ci ilin avqustunda Yasamalda hündürmərtəbəli binanın dağılması, 2010-cu ilin mayında Sabirabad və Saatlı rayonlarında Kür çayında suyun həcminin normadan xeyli artması səbəbindən ciddi fəsadlarla qarşılaşılması, 2012-ci ilin mayında respublikanın şimal-qərb bölgəsində zəlzələ zamanı dövlətimizin başçısı qeyd etdiyim hadisələr vaxtı zərərçəkənlərlə şəxsən görüşmüş, həlak olanların yaxınlarına, yaralananlara mənəvi dəstək göstərmiş, vətəndaşlara zəruri yardımlar edilməsi barədə göstərişlər vermişdir. Eyni zamanda ötən ilin fevralın 7-də baş vermiş zəlzələ nəticəsində cənab Prezidentin Şamaxı rayonuna getməsi, bölgədə baş verən zəlzələdən sonra təbii fəlakətin törətdiyi fəsadlarla yerində tanış olması, zərərçəkən vətəndaşlarla görüşləri, söhbətləri, müvafiq qurumların rəhbərlərinə verdiyi tapşırıqlar bir daha göstərdi ki, cənab İlham Əliyev xalqa əsl xidmət nümunəsi göstərərək, insanların daim yanındadır, onların problemlərinə, qayğılarına həssas münasibət bəsləyir. 
Əlbəttə, bütün bunlar cənab İlham Əliyevin təkcə insanların xoş günlərində deyil, həm də çətin, ağır vəziyyətlərində yanlarında olmasının, onların kədərlərini bölüşməsinin, baş verən hadisələrin nəticələrinin tez bir zamanda aradan qaldırılmasının ifadəsidir.    
 

.