“Sentyabrın 27-də başlanmasının bir ili tamam olan və Azərbaycanın qələbəsi ilə başa çatan İkinci Qarabağ müharibəsi müstəqilliyimizin şərəf salnaməsinə çevrildi. Bu savaşdakı qalibiyyətlə bütün dünya öz haqqı uğrunda mübarizə aparmağa qadir güclü Azərbaycan dövlətini gördü. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev şanlı qələbə ilə vətənimizi bütün dünyaya həm də döyüş meydanında qalib dövlət kimi təqdim etdi. Otuz ilə yaxın müddətdə məkrli və qəddar düşmən öz bəd niyyətindən əl çəkmədi. Buna baxmayaraq, Azərbaycan dövləti humanistlik göstərərək münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu bəyan etmişdi. Təəssüf ki, beynəlxalq təşkilatlar üzərlərinə düşən vəzifələri yerinə yetirə bilmədilər. Nəticədə erməni qəsbkarları çəkinmədən işğal altında saxladığı ərazilərimizi viran qoydu, bütün tikililəri, eləcə də tarixi-mədəni, dini abidələrimizi dağıtdı, yerlə-yeksan etdilər.”

Bu fikirləri Utro.az-a açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.

A.Məmmədov qeyd edib ki, Azərbaycan dövləti isə illər boyu məqsədyönlü işlər görərək güclü ordu qurmağa müvəffəq oldu: “Azərbaycan xalqı uzun illər Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əmrini gözlədi. 2020-ci il sentyabrın 27-də cənab İlham Əliyev qismən səfərbərlik elan etdi. Ali Baş Komandanın bu əmrini böyük coşqu ilə qarşılayan Azərbaycan xalqı o anlardan torpaqlarımızı qısa müddətdə Ermənistan silahlı qüvvələrinin işğalından azad etmək üçün bir yumruq kimi birləşdi. Erməni qəsbkarlarının otuz ilə yaxın davam edən işğalına 44 gündə - İkinci Qarabağ müharibəsində son qoyuldu. Azərbaycan dövləti və xalqı 44 günlük Vətən müharibəsi nəticəsində tarixi ədaləti bərpa etdi. Bu 44 günün hər saatı, hər anı Azərbaycan tarixinə yazıldı.”

Deputat bildirib ki, haqq yolunda döyüşdüyünə, ədalətli mübarizə apardığına əmin olan Azərbaycan Ordusu bu zəfərə layiq idi: “Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsindən öncə də ordu quruculuğu işləri görüldüyünü diqqətə çatdırırdı. Dövlət başçısı çıxışlarının birində demişdi: “Biz güclü, iradəli ordu yaratmışıq. Bizim bütün silahlı birləşmələrimiz müasir standartlara cavab verir və döyüş tapşırığını şərəflə, vicdanla, cəsarətlə yerinə yetirir. Bu gün əks-hücum əməliyyatında bizim müxtəlif silahlı birləşmələrimiz iştirak edir və vahid komandanın rəhbərliyi altında əks-hücum əməliyyatı uğurla gedir. Bütün silahlı birləşmələr arasında koordinasiya tam şəkildə təmin edilib. Əminəm ki, bu əks-hücum əməliyyatının bundan sonra da uğurlu nəticələri olacaqdır”. Prezident, Ali Baş Komandan İlham Əliyevin əminliklə, vüqarla söz açdığı Azərbaycan Ordusunun möhtəşəm gücünü yalnız biz deyil, bütün dünya İkinci Qarabağ müharibəsinin ilk günlərindən gördü. Döyüşlərdə ən müasir silahlardan istifadə edən ordumuz sürətlə irəliləyərək, işğal altındakı ərazilərimizi yağılardan təmizlədi, düşmənin bütün hərbi texnikasını darmadağın etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Azərbaycan əsgəri öz torpağı uğrunda mərdliklə, qəhrəmancasına döyüşdü. Erməni əsgəri isə döyüş əməliyyatlarında mövqelərini, hərbi texnikasını, silah-sursatını qoyub qaçdı.” 

Milli Məclisin deputatı vurğulayıb ki, Azərbaycan ictimaiyyəti hər gün İlham Əliyevin qələbə xəbərlərini gözlədi və dövlət başçısının hər müjdəsini bayrama çevirdi: “Ali Baş Komandanın xalqa hər bir müraciəti tarixi hadisəyə çevrilərək, xalqımızı daha da ruhlandırdı, Ermənistan üzərində qələbəni daha da yaxınlaşdırdı. Həmin günlərdə Prezident İlham Əliyevə müharibəni dayandırmaq üçün çox təzyiqlər edildi, zənglər olundu. Lakin Azərbaycan Prezidentini öz yolundan heç kim və heç bir qüvvə saxlaya bilməzdi. Dövlət başçısı ilk gündən nə demişdisə, hansı şərtləri irəli sürmüşdüsə, müharibə elə də başa çatdı.  Bu müharibənin gedişində cənab İlham Əliyev yalnız müdrik siyasi xadim, uzaqgörən dövlət rəhbəri deyil, həm də hərb işini gözəl bilən müzəffər Sərkərdə olduğunu göstərdi. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə həyata keçirilən hərbi əməliyyatlar dünya hərb tarixində çox böyük yeniliklər kimi yadda qaldı və hazırda bir çox dünya ölkələri bu təcrübədən örnək kimi istifadə edirlər. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə zəfərə qovuşduğumuz 44 günlük Vətən müharibəsində qardaş Türkiyə mənəvi-siyasi baxımdan həm dövlət, həm də millət olaraq bütün qəlbi ilə yanımızda oldu, tarixi ənənələrə sadiq qalaraq qələbə çalmağımızda mühüm rol oynadı. Müharibə başlanan gündən Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan ölkəmizə birmənalı və açıq dəstək ifadə edərək bildirdi ki, Azərbaycan tək deyil. Bu həm bizi ruhlandırdı, həm də müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri susdurdu. Təəssüf ki, müharibə qurbansız başa çatmır. Bu müharibədə Azərbaycanın 3 minə yaxın igid oğlu canını qurban verərək şəhidlik zirvəsinə yüksəldi, minlərlə hərbçimiz yaralandı. Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edildi.”

A.Məmmədov onu da qeyd edib ki, Azərbaycan döyüş meydanında Ermənistanın darmadağın edilməsi ilə 30 ilə yaxın davam edən işğala son qoydu.  Azərbaycan bölgədə yeni reallıqlar yaratdı: “Ən böyük reallıq isə torpaqlarımızın azad olunmasıdır. Bu reallığın digər təcəssümü olan Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən sürətli bərpa və yenidənqurma işləri bir daha Azərbaycanın qüdrətini dünyaya nümayiş etdirməklə, müharibədə qazandığımız şanlı qələbənin quruculuq meydanındakı rəmzi ifadəsidir.”

.