Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) "Neft Daşları”nda çalışan işçilərinə telefon qadağası qoyulub.
Bu məlumatı virtualaz.org saytına "Neft Daşları”nda çalışan neftçilər verib.
Onların sözlərinə görə, bu qadağaya səbəb isə "Neft Daşları” adasında işləyən fəhlələrin adada olan nöqsanları, fəhlələrin iş vaxtı təhlükəsizliklərinin təmin olunmamasını əks etdirən foto və videogörüntülərin bir neçə dəfə sosial şəbəkələrdə yerləşdirməsi və mətbuata ötürməsi olub. Bundan sonra fəhlələrə işə telefonla çıxmaq qadağan edilib.
"İşə çıxarkən hər kəsdən telefonunu öz otağında qoyması tələb olunur. Əgər kimsə iş vaxtı telefon götürərsə, maaşının 25 faizi tutulur. Telefon qadağasının əvvəllər də olduğu eşitmişdik. Ancaq bu, bizdən tələb olunmurdu. Son bir-iki aydır ki, telefon qadağasına ciddi nəzarət edilir. Rəislər bizə deyirlər yuxarıdan göstəriş verilib ki, iş vaxtı heç kim telefon götürməsin. Rəislərə irad da tutublar. Deyiblər ki, sizin fəhlələr iş görməyə gedir, yoxsa şəkil çəkməyə. Deyiblər neftçilər işdə olan nöqsanları çəkib Youtube və facebooka qoyurlar. Bunu bizə deyəndən sonra artıq heç kim işə telefonla çıxmır. Telefonları otağımıza qoyub işə gedirik” - deyə "Neft Daşları”nın işçiləri bildirdi.
Xatırladaq ki, dənizdə çalışan neftçilərin həyatının təhlükəsizlik qaydalarına əməl edilməməsi üzündən təhlükədə olmasını əks etdirən foto və videogörüntülər sosial şəbəkələrdə və mətbuatda dəfələrlə yer alıb.
.
