Yola saldığımız bu gecə Lənkəranda və Astarada ağır yol nəqliyyat hadisələri baş verib. Lənkəranda sürücü piyadanı ölümcül yaralayaraq hadisə yerindən qaçdı. Ən dəhşətli qəza isə Astarada baş verib. Bu gün toyu olacaq bəy üçün indi qapısında yas mağarı qurulub.Elə ilk təqdim edəcəyimiz qəza Astarada baş verən tükürpədici hadisə ilə bağlı olacaq. Hadisə ötən gün axşam saat 20:30 radələrində Astara şəhəri ərazisində qeydə alınıb. Astara şəhər sakini, 27 yaşlı Samir Məmmədzadənin idarə etdiyi "BMV” markalı avtomobili onun əmisi oğlu olan Astara şəhər sakini, 22 yaşlı Nicat Məmmədzadənin idarə etdiyi "VAZ” markalı avtomobili ilə toqquşub. Güclü zərbədən "VAZ”ın sürücüsü aldığı çoxsaylı bədən xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib, onun yanındakı sərnişin, Bakı şəhər sakini, 31 yaşlı Emil Həsənov və "BMV”-nin sürücüsü isə ağır vəziyyətdə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, hadisə zamanı ölən "VAZ”ın sürücüsü Nicat Məmmədzadənin sabah toyu olacaqdı. Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.
Ötən gecə baş vərən digər qəzalardan biri isə Lənkəranda olub. Sürücüsünün kimliyi hələlik məlum olmayan "VAZ” markalı avtomobil yolu keçmək istəyən piyada Lənkəranın Separadi kənd sakini, 43 yaşlı İlqar Məcidovu vuraraq hadisə yerindən qaçıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı ətrafdakılar tərəfindən dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Reanimasiya şöbəsinə yerləşdirilən zərərçəkmişə zəruri tibbi yardımlar göstərilib. Hazırda yaralının vəziyyəti ağırdır. Faktla bağlı araşdırmalara başlanılıb, polis tərəfindən istintaqdan yayınan sürücünün yaxalanması istiqamətində tədbirlər görülür.
