Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarov AZƏRTAC-a müsahibəsində ölkəmizlə BƏƏ arasındakı siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın bugünkü səviyyəsi, Azərbaycanın Dubayda Ticarət Evinin açılması, ölkəmizin "Dubay Ekspo 2020”də iştirakı və digər sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti barədə fikirlərini bölüşüb.
- Cənab səfir, Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı münasibətlərin hazırkı vəziyyətini və perspektivlərini necə qiymətləndirirsiniz?
- Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında qarşılıqlı anlaşmaya və etimada əsaslanan yüksək səviyyəli münasibətlər mövcuddur. Ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli formatda sıx əməkdaşlıq, yüksək səviyyəli siyasi dialoqun mövcudluğu və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək sözügedən əlaqələri təşkil edən amillərdəndir. Mütəmadi xarakter daşıyan müxtəlif səviyyəli qarşılıqlı səfərlər, hökumətlərarası komissiya çərçivəsində, Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizmi dost ölkələrimiz arasında diplomatik əlaqələrin inkişafına xidmət edir. 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BƏƏ-yə səfəri və səfər çərçivəsində Əbu-Dabinin vəliəhdi Şeyx Məhəmməd Bin Zayed əl Nəhyanla görüşü ölkələrimiz arasında əlaqələrin inkişafına təkan vermişdir. Qeyd olunmalıdır ki, yüksək səviyyəli dövlət rəsmilərinin səfərləri, eyni zamanda, qeyri-dövlət təşkilatları, biznes dairələri arasında görüşlər ölkələrimizin əməkdaşlıq münasibətlərinin inkişafı, gündəlikdə duran məsələlərin müzakirəsi və əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Ümumilikdə vurğulanmalıdır ki, Azərbaycan ilə BƏƏ arasında münasibətlərin bütün sahələrdə, o cümlədən siyasi, diplomatik, iqtisadi, ticarət, humanitar istiqamətlərdə inkişafı üçün böyük potensial mövcuddur. Həmin sahələr üzrə əlaqələrin inkişaf etdirilməsi istiqamətində bütün mövcud mexanizmlərdən istifadə edilir, əməkdaşlıq platformasına yeni seqmentlər cəlb olunur.
-Ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı, xüsusilə də bu yaxınlarda Dubayda açılması nəzərdə tutulan Azərbaycan Ticarət Evinin əhəmiyyəti barədə nə deyə bilərsiniz?
-Qeyd etdiyim kimi, ölkələrimiz arasında əlaqələr bütün istiqamətlərdə, o cümlədən iqtisadi müstəvidə müsbət dinamika ilə inkişaf edir. İqtisadi sahəyə aid dövlət qurumları, iş adamları və şirkətlər arasında təmaslar, qarşılıqlı investisiyalar, ticarətin genişlənməsi, turizm sektorunun inkişafı, beynəlxalq tədbirlərdə iştirak ikitərəfli iqtisadi əlaqələrin intensivliyinin göstəricilərindəndir. Azərbaycanın və BƏƏ-nin iş adamları arasında Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında İqtisadi, Ticarət və Texniki əməkdaşlıq üzrə Birgə Komissiya sözügedən sektorun formalaşması və genişlənməsi, əlaqələrin strukturlaşması üçün vacib bir mexanizm hesab olunur. Komissiyanın növbəti iclasının cari ilin sonunadək Bakı şəhərində keçirilməsi nəzərdə tutulur.
Onu da qeyd etmək lazımdır ki, 2017-ci ildə Azərbaycan Respublikasının BƏƏ-də ticarət nümayəndəliyinin ofisi açılmış və beynəlxalq iqtisadi münasibətlər sahəsində böyük təcrübəyə malik Elnur Əliyev Azərbaycanın BƏƏ-dəki ticarət nümayəndəsi təyin olunmuşdur. Şübhəsiz ki, ticarət nümayəndəliyinin açılması ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafına təkan verən yeni amillərdən biri olmuşdur. Səfirliyin və nümayəndəliyin birgə fəaliyyəti nəticəsində cari ilin noyabr ayında ölkəmizdə istehsal olunan malları təşviq edən Ticarət Evinin açılması planlaşdırılır. Dubay şəhərinin mərkəzində, məşhur Bürc əl-Ərəb oteli yaxınlığında yerləşən Ticarət Evində Azərbaycan Respublikasının ticarət nümayəndəliyi, Azərbaycan istehsalı olan məhsulların satışı, nümayişi və marketinqi mərkəzi, həmçinin Azərbaycan mətbəxinin bu ölkədə daha da tanıdılması və burada yaşayan azərbaycanlı icmanın tez-tez toplaşmasına şərait yaratmaq məqsədilə "Azərbaycan Evi” adlı restoran və kafe fəaliyyət göstərəcək.
- Hazırda Azərbaycan ilə Əmirlik arasındakı ticarət mübadiləsi hansı səviyyədədir, artım varmı?
- Məmnuniyyətlə bildirmək istərdim ki, böyük potensiala malik olan Azərbaycan-BƏƏ iqtisadi əlaqələri 2017-ci il ərzində sürətlə inkişaf edib. Dubay Ticarət Palatası 2017-ci ilin göstəricilərinə görə, ölkələrimiz arasında ticarət dövriyyəsinin 221 milyon ABŞ dolları təşkil etdiyini açıqlamışdır ki, bu da 2016-cı illə müqayisədə 3,5 dəfə çoxdur. Ticarət mübadiləsinin artmasına səbəb olan amillər arasında Azərbaycan Respublikası Prezidentinin qeyri-neft sektorunun inkişafı strategiyası çərçivəsində BƏƏ-nin Azərbaycanda istehsal olunan mallar üçün prioritet bazar kimi müəyyən edilməsi, bununla əlaqədar bu ölkəyə təşkil edilən ticarət missiyaları, beynəlxalq sərgi, tədbir və festivallarda iştirak, həmçinin böyük turist axınını göstərmək olar. Azərbaycanın Ticarət evlərindən birinin də BƏƏ-də açılması bu işlərin daha yüksək nəticələr verəcəyini deməyə əsas yaradır.
-Artıq bir neçə müddətdir ki, BƏƏ-nin iri ticarət mərkəzlərində Azərbaycan məhsullarının satışı təşkil olunub. "Made in Azərbaijan” brendinin təşviqi ilə əlaqədar daha hansı tədbirlər görülməkdədir?
- Məlumdur ki, Azərbaycan iqtisadiyyatının qeyri-neft sahələri arasında kənd təsərrüfatı xüsusi paya malikdir. BƏƏ-nin əksər kənd təsərrüfatı məhsullarını müxtəlif ölkələrdən idxal etdiyini, Körfəz ölkələrinin bu məhsullara olan tələbatının böyük hissəsinin BƏƏ ərazisindən idxal olunduğunu nəzərə alaraq, Əmirlik ölkəmiz üçün hədəf bazarlardan biri kimi müəyyən edilib. Hazırda ölkəmizin kənd təsərrüfatı məhsullarının bu bazarda daha da tanıdılması, istehsalın bu bazarın standartlarına uyğunlaşdırılması istiqamətində işlər aparılır.
Son iki il ərzində Azərbaycan istehsalı olan məhsullar Dubayda hər il keçirilən və dünyanın ən böyük beynəlxalq kənd təsərrüfatı malları sərgisi olan "Gulfood” və "WOP” sərgilərində, "İslam Həmrəyliyi İli – istiqamət Azərbaycan” şüarı altında Əbu-Dabinin ən möhtəşəm "Emirates Palace” mehmanxanasında təşkil olunmuş Azərbaycan mədəniyyəti, incəsənəti, turizmi və məhsulları sərgisində, BƏƏ-nin qurucusu Şeyx Zayedin adını daşıyan və hər il iki ay ərzində yüz minlərlə ziyarətçi qəbul edən "Şeyx Zayed İrsi” festivalında təşkil olunmuş Azərbaycan pavilyonunda, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi ilə əlaqədar keçirilmiş mərasimdə iştirakçıların böyük marağına səbəb olub, nəticədə Azərbaycan məhsullarının ixracı ilə bağlı BƏƏ və regionun digər ölkələrinin şirkətləri ilə razılıqlar əldə edilib.
Sevindirici haldır ki, BƏƏ-də fəaliyyət göstərən ticarət şəbəkələrində Azərbaycan istehsalı olan məhsulların satışının həcmi artıb. Hazırda bu halın davamlılığının təmin edilməsi və bu ölkədə məhsullarımızın sayının artırılması istiqamətində iş aparılır. Bu məqsədlə keçirilən tədbirlərlə yanaşı, səfirlik tərəfindən Azərbaycan məhsulları və onların istehsalçıları barədə mütəmadi olaraq məlumatlar BƏƏ-nin əsas idxalçı şirkətləri arasında yayılır.
Azərbaycan regionun ticarət, turizm və maliyyə mərkəzi hesab olunan Dubay şəhərinə mütəmadi ticarət missiyaları təşkil edir. Bu missiyalar çərçivəsində Azərbaycan məhsullarının tanıdılması və ixracı istiqamətində danışıqlar aparılır. Lakin biz Dubayla yanaşı, digər əmirliklərlə də əməkdaşlıq üçün potensial görürük. Odur ki, bu imkanlardan istifadə etmək məqsədilə növbəti ticarət missiyasının cari ilin sonunadək Əbu-Dabi və Şərca əmirliklərinə təşkil olunması istiqamətində iş aparılır.
-Son illər BƏƏ-nin iş adamlarının və sərmayədarların ölkəmizə marağının artdığını demək mümkündürmü?
-Azərbaycanda milli iqtisadiyyatın inkişafı məqsədilə həyata keçirilən strategiya nəticəsində ölkə iqtisadiyyatının liberallaşması, mövcud hüquqi-normativ baza və digər amillər ölkəmizdə cəlbedici investisiya mühiti yaradıb. Məlumatlara əsasən bir sıra Körfəz ölkələrindən olan sərmayədarlar Azərbaycanda inşaat və daşınmaz əmlak sahəsinə sərmayə yatırır. Məlum olduğu kimi, BƏƏ kənd təsərrüfatı və ərzaq məhsullarının böyük əksəriyyətini idxal edir. Bununla yanaşı, Körfəz ölkələrinin idxal etdiyi eyni məhsullar da Dubay şəhərinin logistik imkanlarından istifadə edilməklə daşınır. Müxtəlif iqlim qurşaqlarının mövcud olduğu Azərbaycanda bir çox kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün gözəl münbit şərait var. Hazırda məhsullarımız BƏƏ-də sevilir və ərəb turistləri Azərbaycana cəlb edən əsas amillərdən biri də ərzaq və dadlı mətbəximizdir. Bunu nəzərə alaraq səfirlik Azərbaycanda sərmayə imkanlarının təşviqi məqsədilə keçirdiyi görüşlərdə BƏƏ-li investorları ölkəmizdə kənd təsərrüfatı sahəsinə sərmayə yatırmağa və öz kapitalları ilə yetişdirilən məhsulları BƏƏ-yə idxal etməyə təşviq edir. Xam məhsulun BƏƏ-yə daşınaraq buradakı azad ticarət zonalarında, yaxud Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ətrafında yaradılmaqda olan azad iqtisadi zonada emal edilməsi və hazır məhsul kimi üçüncü ölkələrə ixracı məqsədilə birgə müəssisələrin yaradılması da perspektivli sahələrdəndir. Eyni zamanda, BƏƏ sərmayədarlarının Bakı ətrafında azad iqtisadi zonaların yaradılmasına Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinə aid infrastruktur layihələrinin inkişafına, ölkədə yaşayan və səhiyyə sahəsində böyük biznes imkanları olan hindistanlı iş adamlarının Azərbaycanda xəstəxana inşası və işlədilməsi sahəsinə cəlb edilməsi perspektivli görünür. Məhz bu səbəbdən hazırda BƏƏ-nin iş adamları Azərbaycanın daşınmaz əmlak, kənd təsərrüfatı, turizm, qida məhsullarının emalı sahələrinə, həmçinin Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinə aid infrastruktur layihələrinin inkişafına maraq göstərirlər.
-Ölkələrimiz arasında birbaşa uçuşların artması Azərbaycan ilə BƏƏ-nin iqtisadi və turizm sahələrindəki əlaqələrinin inkişafına necə təsir göstərir?
- Prezident İlham Əliyevin turizmin inkişafı ilə bağlı siyasəti nəticəsində ölkəmizin turistik cəlbediciliyi daha da artmaqdadır və bu gün on minlərlə BƏƏ-li turist Azərbaycana səfər edir. BƏƏ-dən olan böyük turist axını Azərbaycanın turizm sektorunun və bütövlükdə iqtisadiyyatın inkişafına təkan verir. Rəsmi statistikaya görə, 2017-ci ildə BƏƏ-dən Azərbaycana 106 min 500 nəfər turist səfər edib. Müqayisə üçün, 2015-ci ildə bu rəqəm 2500, 2016-cı ildə isə 68 min 500 nəfər olub. BƏƏ turistlərini Azərbaycana cəlb edən amillər sırasında hər iki xalqın İslam dininə itaət etməsi, aralarında adət-ənənə və mədəniyyət oxşarlıqları, Bakı şəhərinin təkrarolunmaz gözəlliyi və tarixi abidələri, "Şahdağ” Qış-Yay Turizm Kompleksi, Qəbələnin, Şəkinin gözəl təbiəti və yüksək standartlara cavab verən otelləri, Azərbaycan mətbəxinin zənginliyini qeyd etmək olar.
Şübhəsiz ki, ölkələrarası turist mübadiləsinin artmasının əsas səbəblərindən biri də birbaşa hava əlaqəsinin intensivləşməsidir. Belə ki, hazırda "Azərbaycan Hava Yolları” QSC Bakı-Dubay, "Fly Dubai” şirkəti Dubay-Bakı və Dubay-Qəbələ, "Air Arabia” şirkəti isə Şərca-Bakı və Şərca-Qəbələ marşrutları üzrə birbaşa reysləri açıb. 2018-ci ilin mart ayından dünyanın ən yaxşı hava yolları beşliyinə daxil olan "Etihad Airways” şirkəti Əbu-Dabi - Bakı marşrutu üzrə uçuşlara başlayıb. Ölkənin paytaxtı və siyasi mərkəzi olan Əbu-Dabi Əmirliyinin turizm baxımından çox cəlbedici olduğunu, burada yerləşən möhtəşəm Şeyx Zayed məscidi, Luvr muzeyi, "Ferrari World”, "Yas Water World”, "Warner Brothers” kimi əyləncə şəhərcikləri, çimərliklər və müxtəlif seqmentlərdə mehmanxanalar, Formula 1 və digər avtomobil idmanı yarışları, dünya şöhrətli ulduzların konsertləri və sair tədbirlər Əbu-Dabinin turistik baxımdan Dubayla rəqabət aparmasına imkan yaradır. Həmçinin Əbu-Dabinin BƏƏ iqtisadiyyatında böyük rolu var. Yerli ərəblərin əksəriyyətinin yaşadığı bu əmirliyin investisiya imkanları olduqca yüksək qiymətləndirilir. Bunları nəzərə alaraq sözügedən reysin açılmasının iki ölkə arasında turizm əlaqələri ilə yanaşı, ticarət mübadiləsinə də təkan verəcəyini ehtimal etməyə əsas var. Hazırda turizm və iqtisadiyyatın inkişafına təsir imkanları ilə seçilən iki ölkə arasında birbaşa uçuşlar coğrafiyasına Naxçıvan, Gəncə və digər şəhərlərin daxil edilməsi, uçuşlara yeni şirkətlərin cəlb olunması istiqamətində əməli işlər həyata keçirilir.
- Azərbaycan 2020-ci ildə Dubay şəhərində keçiriləcək "Ekspo 2020”də iştirak edəcək. Bu sərgiyə hazırlıq işləri hansı mərhələdədir?
- Məlum olduğu kimi, "Ekspo 2020” və bu tədbirə hazırlıq BƏƏ-nin iqtisadi və ictimai həyatında ən mühüm məsələlərdən hesab olunur. Azərbaycan "Ekspo 2020”də iştirakını rəsmən təsdiq etmiş ilk ölkələrdən biridir. Belə ki, bu barədə Azərbaycan səfirliyinin rəsmi məktubunu "Ekspo 2020”nin icraçı direktoru, BƏƏ-nin dövlət naziri xanım Rim əl Haşimiyə təqdim etmişdim. O tarixdən bu günümüzə qədər Azərbaycanın "Ekspo 2020”də iştirakı ilə bağlı böyük işlər görülüb. Ölkəmizin sərgidə layiqincə təmsil olunmasının təmin edilməsi məqsədilə Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Azərbaycanın "Ekspo 2020”də iştirakı üzrə ali komissar təyin olunub. 2017-ci ildə ali komissar və onun başçılıq etdiyi nümayəndə heyətinin sərgi yerinə baxışı və təşkilat komitəsi ilə görüşü təşkil olunub, danışıqlar nəticəsində Azərbaycan pavilyonu üçün yer seçilib. Daha sonra Dubayda beynəlxalq iştirakçılarla görüşündə Azərbaycan pavilyonunun qurulması ilə bağlı müqavilə imzalanıb. Qeyd etmək lazımdır ki, bu görüşdə Azərbaycan tədbirdə iştiraka verdiyi önəmə və operativliyə görə nümunə göstərilib.
Hazırda Azərbaycanın "Ekspo 2020”də iştirakı ilə bağlı təşkilat komitəsi tərəfindən tələb olunan bütün prosedur qaydaları və formal məsələlər başa çatıb. Cari ilin noyabr ayının sonunda keçirilməsi planlaşdırılan növbəti beynəlxalq iştirakçılar görüşündə Azərbaycan pavilyonunun inşası üçün müvafiq işlərə başlamaq məqsədilə məkanın rəsmi şəkildə təhvil verilməsi nəzərdə tutulur. Şübhəsiz ki, Azərbaycanda və ölkə hüdudlarından kənarda keçirilən tədbirlərin təşkilində zəngin təcrübəsi olan Heydər Əliyev Mərkəzinin səyi nəticəsində Azərbaycan pavilyonu "Ekspo 2020”də ən nümunəvi pavilyonlardan biri olacaq.
.