"Azərbaycan öz füsunkar gözəlliyi, zəngin təbii sərvətləri, al-əlvan florası və faunası ilə bütün dünyada şöhrət qazanmışdır. Burada 125 fəsiləyə və 930 cinsə daxil olan ali bitkilərin 4500 növü yayılmışdır. Bunlardan 48 fəsiləyə, 135 cinsə mənsub olan 450 növ ağac və kollar Respublikamızın meşələrində bitir. Bu isə Resublika florasındakı bitki növlərinin 11-ni təşkil edir. Azərbaycan dendroflorasının tərkibində 70 regional endem növə təsadüf edilir. Bu da ümumi ağac və kol bitki növlərinin 16 faizi deməkdir”.
Bu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytında qeyd olunub. Bu qurumun saytında verilən məlumata görə, hazırda Azərbaycan meşələrinin ümumi sahəsi 1021 min hektardır. Bu da Azərbaycan ərazisinin 11,8 faizini təşkil edir.
Son illərdə mediada dərc olunan xəbərlərdə meşələrın yanğından, qanunsuz qırılmadan, meşədən istifadənin müəyyən edilmiş qaydalarının pozulması hallarından və meşəyə zərər vuran digər hərəkətlərdən, zərərvericilərdən və xəstəliklərdən mühafizə edilmədiyi qeyd olunub.
Ekspertlər bildirir ki, bir ağac il әrzindә atmosferә üç nәfәrlik bir ailәnin il boyu tәnәffüsünә bәs edәcək qədər oksigen buraxır. Ağaclar atmosferin çirklәnmәsinin qarşısını alan әn etibarlı müdafiә vasitәsidir. Onlar havanı işlәnmiş qazlardan tәmizlәyir vә şәhәrlәrin sәs fonunu tәnzimlәyir. Eləcə də, ağaclar torpaq sürüşməsini, zəlzələni önləmək üçün ağac əkmək ən optimal çıxış yoludur.
"Bizim Yol”a müraciət edən Daşkəsən rayonu Gürbulaq kənd sakini Məmmədov Sofi Şahin oğlu bildirib ki, yay aylarında təbiət həvəskarlarını Daşkəsənə cəlb edən meşə massivi məhv edilir.
Belə ki, bu rayonunun Gürbulaq və Əmirvar kəndlərinin ərazisini əhatə edən meşə fondu torpağındakı fıstıq, vələs, palıd, cökə, söyüd, göyrüş, qozqara (qaraağac), töləkə və gərməşov kimi qiymətli ağacların qırılması davam etdirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansındakı meşə massivinin qəddarcasına məhv edilməsindən narahat olan sakinin dediklərinə görə, ağaclar qanunsuz qıranlar və çıxaranlar kənd sakinləri deyillər. O meşə fondunun soyqırıma məruz qaldığını əks etdirən foto və videogörüntüləri redaksiyamıza göndərib.
Sofi Məmmədov iddia edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Daşkəsən Meşə Mühafizəsi və Bərpası Müəssisəsi problemdən xəbərdardır və ağacların qırılmasına göz yumulur. Meşə sahəsinə və meşə fonduna daxil olan sahələrdə ağaclar, kollar və digər yaşıllıqlar qanunsuz kəsilir, zədələnir və məhv edilir.
Vətəndaşın müraciəti əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinə informasiya sorğusu göndərilib.
Xatırladaq ki, bu il Meşə Məcəlləsinə dəyişiklik edilib. Prezidentin 9 mart 2017-ci il tarixli sərəncamına əsasən "Azərbaycan Respublikasının Meşə Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2017-ci il 14 fevral tarixli qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqinə başlandı.

Meşə Məcəlləsinin 58-ci maddəsində bildirilib ki, meşələr yanğından, qanunsuz qırılmadan, meşədən istifadənin müəyyən edilmiş qaydalarının pozulması hallarından və meşəyə zərər vuran digər hərəkətlərdən, zərərvericilərdən və xəstəliklərdən mühafizə edilməlidir.
Meşələrin mühafizəsi və qorunması, onların bioloji və digər xüsusiyyətlərini nəzərə almaqla həyata keçirilir, meşə fondundan səmərəli istifadə, meşələri məhv olmaqdan, zədələnmədən, zəifləmədən, çirklənmədən və digər mənfi təsirlərdən mühafizə sahəsində təşkilati, hüquqi və başqa tədbirlər sistemindən ibarətdir.
Meşələrin mühafizəsi və qorunması meşə təsərrüfatı müəssisələri tərəfindən, yerüstü vasitələrdən və müəyyən edilmiş qaydada aviasiyadan istifadə etməklə həyata keçirilir.
İnzibati Xətalar Məcəlləsinin 252-261-ci maddələri təbiətə zülm edənlərə qarşı tətbiq olunan cərimələri müəyyənləşdirir. Belə ki, meşəqırma fondundan istifadə, oduncağın tədarük edilib daşınması qaydasının pozulmasına görə fiziki şəxslər 350 manatdan 600 manatadək, vəzifəli şəxslər 2700 manatdan 3600 manatadək, hüquqi şəxslər 5500 manatdan 8000 manatadək məbləğdə cərimə
edilir.Həmin məcəllənin 254-cü maddəsinə əsasən meşəqırma biletində (orderində) və ya meşə biletində nəzərdə tutulmuş məqsədləri və ya tələbləri gözləmədən meşədən istifadəyə görə, fiziki şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

İnzibati Xətalar Məcəlləsinin 256-ci maddəsinə əsasən isə meşə fondu torpaqlarında biçənəklərin və ya otlaq sahələrinin zədələnməsinə və ya korlanmasına görə, fiziki şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
İnzibati Xətalar Məcəlləsinin 261-ci maddəsinə əsasən meşə üçün faydalı faunanın məhv edilməsinə görə, fiziki şəxslər iki yüz əlli manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan yeddi min beş yüz manatadək məbləğdə cərimə edilir.(bizimyol.info)
.
