Müsavat Partiyasının tanınmış simalarından daha bir nəfər partiya sıralarını tərk edib.
Əbülfəz Elçibəy hakimiyyəti dönəmində ədliyyə nazirinin müavini olmuş Məmməd Zeynalov öz facebook səhifəsində Müsavatdan istefa verdiyi barədə açıqlama yayıb.
O, Müsavat Partiyasının apardığı yarıtmaz siyasətə etiraz əlaməti olaraq Müsavat Partiyası sıralarından istefa verdiyini bildirib: "Bu gündən etibarən siyasətlə məşğul olmayacağımı bəyan edirəm. Arqumentimi əsaslandırmaq üçün İsa Qəmbər və Mustafa Hacıbəylidən başqa istənilən partiya funksioneri ilə debata hazıram”.
M.Zeynalov APA-ya açıqlamasında Müsavat rəhbərliyinin apardığı siyasətə etiraz əlaməti olaraq partiyadan istefa verdiyini bildirib: "Bütün siyasi partiyalar özlərini təcrid edib, milli məfkurədən kənarda qalıb. Milli Şura pis-yaxşı nəsə edirdi. Ancaq Müsavat Partiyasının nə etdiyi mənə məlum deyil. Bu, yarıtmaz siyasətdir. Mən artıq bundan sonra siyasətlə məşğul olmayacağam”.
M.Zeynalov istefa verməsinə Müsavat Partiyasının sonuncu qurultayının nəticələrinin də təsir etdiyini vurğulayıb: "Arif Hacılı tək deyil, orada başqa adamlar da var. Yəni mən məhz Müsavat rəhbərliyinin apartdığı siyasətə görə belə bir addım atmışam”.
Müsavat Partiyasının sədr müavini Gülağa Aslanlı isə "Trend"ə açıqlamasında M.Zeynalov adlı üzvü tanımadığını deyib: "Müsavat Partiyasında belə bir tanınmış adam tanımıram. Yəni belə bir üzv varsa, təşkilat şöbəsində dəqiqləşdirib məlumat verərik”..