Sabah Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDXM) həbsdə olan zabiti Asif Lətifovun 39 yaşı tamam olur. Ömrünün cavan dövrünü dövlətə xidmət etmiş və dövlət başçısı İlham Əliyevin keşiyində sədaqətlə durmuş bir şəxs indi XDXM-də baş verən özbaşınalıqlarla etiraz etdiyinə görə, 9 saylı cəzaçəkmə müəssisəsinin soyuq divarları arasında döğum gününü qeyd edir.
Asif Lətifovun həbsilə bağlı artıq beynəlxalq təşkilatlara - Freedom House, Amnesty International, Human Right Watch və BMT-ə məlumat verilib. Həmin təşkilatlar bu məsələni diqqətdə saxlayır və Asif Lətifovun hüquqları uğrunda mübarizəyə görə siyasi sifariş əsasında həbs olunduğu qənaətindədirlər. Bundan əlavə Beynəlxalq Hüquq Araşdırmaları Təşkilatı da Asif Lətifovu siyasi məhbus elan edib.
Redaksiyamızın əməkdaşları Asif Lətifovun anası Gülnaz Lətifova ilə əlaqə saxlayıb və Asifin dürümu ilə maraqlanıblar. Gülnaz Lətifova qeyd edir ki, oğlu 9 saylı cəzaçəkmə müəssisəsində hal hazırda cəza çəkir. Gülnaz xanımın sözlərinə görə, Asif Lətifovun səhhəti normal, saxlanma şəraitindən şikayətçi deyil: "Vaxtaşırı baş çəkirik. Yaxşıdır, saxlanma şəraitindən, həbsxana rəhbərliyinin davranışlarından hər hansı şikayəti yoxdur. Onun şikayəti yalnız Xüsusi Dövlət Mühafizə Xidmətinin rəhbəri Vaqif Axundovdandır. Çünki Asif məhz bu adamın sifarişi ilə həbs edilib. Ümid edirik ki, Asif Lətifov növbəti döğum gününü öz evində yaxın dostları ilə bir yerdə keçirəcək. Haqq-ədalət öz yerini tutacaq. Çünki Asifin heç bir təqsiri yoxdur”.
Xatırladaq ki, Asif Lətifov 17 il XDMX-nin xüsusi təyinatlı "Betta” dəstəsində xidmət edib. Baş leytenantdır. Xidməti dövründə xeyli orden və mükafatlarla təltif edilib.
"Novoye Vremya” qəzetinin rəhbərliyi və kollektivi də Asif Lətifovu doğum günü münasibətilə təbrik edir və "Allah qapınızı açsın” deyir.
.
