Bu yaxınlarda daha bir vətəndaş Nəqliyyat Nazirliyi "qoçuları"nın qurbanı olub.
Mahmudov Xanların Etatist.com-a ünvanladığı şikayət məktubunda bildirilir ki, ötən ayın 13-də NN-in işçiləri onun avtomobilindən 295 AZN pul, avtomobilin və özünün sənədlərini götürərək "yoxa çıxıblar".
X.Mahmudov qeyd edib ki, hadisə Qala qəsəbəsində olub: Nəqliyyat Nazirliyinin işçiləri seria nömrəsi 340 olan "Daewoo Nexia” avtomobili ilə məni saxladı. Heç bir sənəd istəmədən 60 manat pul tələb etdilər. Təbii ki, mən o pulu durduq yerdə vermək istəmədim. Bundan sonra biri avtomobilin çölündən əl-qolumu tutdu, o biri isə maşının içinə girib 295 manat pulumu, maşının açarını, sonra isə köynəyimin cibini cıraraq şəxsiyyət vəsiqəmi və maşının sənədlərini götürdü. Axırda çöldən əl-qolumu tutan şəxs yumruqla avtomobilin güzgüsünü sındırdı və hər ikisi öz avtomobillərinə oturub qaçdılar.
Hadisədən dərhal sonra Xəzər Rayon Polis İdarəsinin 1-ci bölməsinə şikayət ərizəsi yazdım. Onlar isə Xəzər Rayon Prokurorluğuna yönləndirdilər. Oktyabr ayının 3-də Nəqliyyat Nazirliyinin Binəqədi rayonunda yerləşən ekspedisiya şöbəsinin müdiri Emin müəllimin yanında oldum. O, kimliyimi və avtomobilimin texniki pasportunun onda olduğunu desə də, pulumun və avtomobilimin açarının onlarda olmasını dandı. Hal-hazırda işə Xəzər Rayon Prokurorluğu baxır...”.
.