Beynəlxalq İnsan Hüquqlarının Müdafiəsi Assosiasiyası vicdan məhbusu Anar Məmmədlinin həbsi ilə bağlı bəyanat yayıb.
Bəyanatda deyilir:
"Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) sədri Anar Məmmədlini vergidən yayınma, vəzifəsindən sui-istifadə halları ilə əlaqədar Azərbaycan hökumətinin həbs etməsi düzgün deyil. 9 oktyabr Prezident seçkiləri toplaşma, özünü ifadə azadlıqlarının məhdudlaşdırıldığı şəraitdə həyata keçirilib və seçki günü əksər seçki məntəqələrində ciddi problemlərin olduğu müşahidə edilib. Seçki dövrü müxalif siyasi tərəfin fəaliyyətinin məhdudlaşdırılması, hökuməti tənqid edən şəxslərin susdurulması, gənc fəalların həbsi və qeyri-hökumət təşkilatları üzərində nəzarətin gücləndirilməsi ilə yadda qalıb. SMDT seçkini müşahidə etməklə əksər seçki məntəqələrində pozuntu hallarını aşkarladı. Mərkəzin rəhbəri, vətəndaş cəmiyyətinin fəalı Anar Məmmədlinin qeyri-qanuni həbsi bir daha göstərdi ki, hökumət nəinki repressiyalara son qoymaq hətta onu daha da gücləndirmək niyyətindədir. Ölkədə siyasi məhbusların sayının artdığı ərəfədə Anar Məmmədlinin də həbsi Azərbaycan hökumətinin xeyrinə işləmir. Biz inanırıq ki, Anar Məmmədlinin həbsi onun təşkilatı tərəfindən aşkarlanan seçki saxtakarlığı üçün verilən bir cavabdır. Təşkilatın rəhbərinə qarşı irəli sürülmüş vergidən yayınma, vəzifədən sui-istifadə və qeyri-qanuni sahibkarlıq kimi ittihamlar əsassızdır. Şübhəsiz ki, hökumət onu ədalətli mövqeyinə görə cinayət məsuliyyətinə cəlb etmək istəyir. Biz inanırıq ki, bu həbs təkcə Anar Məmmədli üçün deyil, həmçinin vətəndaş cəmiyyətinə, Azərbaycanın Avropaya inteqrasiyasını dəstəkləyən və müdafiə edən hər kəs üçün zərbədir. Anar Məmmədli ilə bağlı məsələ ədalətli mühakimə nümayiş olunmalıdır, hökumət beynəlxalq təşkilatlara öz öhdəliklərini yerinə yetirməklə bağlı siyasi iradəsini nümayiş etdirməlidir."
Xatırladaq ki, Beynəlxalq İnsan Hüquqlarının Müdafiəsi Assosiasiyası 2012-ci ildə yaradılıb və Belçika hökuməti tərəfindən rəsmi olaraq qeydiyyatdan keçib. Beynəlxalq təşkilatın əsas məqsədi risklərin çox olduğu ölkələrdə insan hüquqlarını, fundamental azadlıqları təbliğ etmək, hüquq müdafiəçilərini dəstəkləmək və dünyada insan hüquqları ilə bağlı baş verən məsələlər üzrə illik hesabatlar hazırlamaqdır.
.
