"Azərbaycan tərəfi Samur çayından saniyədə 3 kubmetr artıq su götürməklə bu çayın suyundan səmərəli istifadə və sərhədboyu ərazilərin mühafizəsi haqdakı sazişi pozur”.
Bu bəyanatla bu gün - sentyabrın 3-də Dağıstanın ekologiya və təbii sərvətlər nazirinin I müavini Marat Əliömərov çıxış edib. M.Əliömərov bu ittihamı "Кавказский узел” nəşrinə açıqlamasında səsləndirib.
Yada salaq ki, Dağıstanın Məhərrəmkənd rayonu kəndlərinin başçıları avqustun 1-də Dağıstan və Rusiya hökumətlərinə müraciət edərək "Samur çayının su ehtiyatlarının Dağıstanla Azərbaycan arasında ədalətli şəkildə bölüşdürülməsinə yardım göstərməyi” xahiş etmişdilər.
Dağıstan mətbuatı iddia edir ki, çayın suyu iyulun ortasından etibarən demək olar ki, quruyub, çünki Azərbaycan tərəfi su ehtiyatının 90 faizini özünə götürür.
M.Əliömərovun sözlərinə görə, təmsil etdiyi nazirlik Samur çayının suyundan qeyri-qanuni istifadə haqdakı bu informasiyaların yoxlanılmasını başa çatdırıb: "Hidroqovşaqdan təxminən 10 km aşağıda Azərbaycan tərəfində kanal görmüşük. Su o kanalla axıdılır. Bu məsələni Samur çayı üzrə Rusiya-Azərbaycan komissiyasının yaxınlarda keçiriləcək iclasında qaldıracağıq”.
Qeyd edək ki, 2010-cu ildə Azərbaycanla Rusiya arasında imzalanmış sazişə görə, çayın suyunun 30,5 faizi ekoloji fonddur, qalan həcm isə iki ölkə arasında 50-nin 50-yə prinsipi ilə bölünməlidir.
Dağıstan tərəfinin bu ittihamına Azərbaycanın münasibətini öyrənmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) müracət etdik.
Nazirliyin ekoloji siyasət və ətraf mühitin mühafizəsi şöbəsinin sektor müdiri Mütəllim Əbdülhəsənov isə açıqlamasında bildirib ki, Azərbaycan sərhədyanı Samur çayının mühafizəsində hamıdan çox maraqlıdır: "Samur Azərbaycanın ən iri çaylarından biridir. Onun suyundan həm kənd təsərrüfatında, həm də Bakı və Sumqayıt kimi şəhərlərin su təchizatında istifadə olunur. Bir çox yaşayış məskənlərini, o cümlədən paytaxt Bakının bir hissəsini su ilə təmin edən Ceyranbatan su anbarı tamamilə Samur suyu ilə doldurulur. Ona görə də Azərbaycan bu çayın ekoloji təmizliyinə xüsui əhəmiyyət verir. Bunları nəzərə alanda Azərbaycana qarşı yönələn ittihamları əsassız hesab edirik. Sazişə görə, Rusiya ilə Azərbaycan bu çayının suyunu 50:50 nisbətində bölməlidir. Ortada hökumətlərarası saziş var. Ona görə də Azərbaycanın çayın suyunun guya 90 faizini özünə götürməsi barədə deyilənlər absurddur. Bundan əlavə, biz Rusiya tərəfi ilə bu məsələdə tez-tez əlaqə saxlayır, müzakirələr apararırıq. Onlar bizə bu məsələdə indiyə qədər heç vaxt irad bildirməyiblər. Biz bütün problemləri qarşılıqlı anlaşma prinsipləri əsasında müzakirə və həll edirik”.
.