Dağıstanın Məhərrəmkənd rayonunun sakinləri Azərbaycana qarşı etiraza qalxıb.
Yenizaman.az "Kavkazskiy uzel”ə istinadən xəbər verir ki, sakinlər suvarma suyunun qıtlığından narazıdır və bunun səbəbini sərhədyanı Samur çayının su ehtiyatlarının çox hissəsini "beynəlxalq razılaşmalara zidd olaraq” Azərbaycan tərəfinin götürməsi ilə bağlı olduğunu deyirlər. Sakinlərin etirazından sonra Dağıstan hökuməti Azərbaycan tərəfinin Samur çayından normadan artıq su götürdüyünə dair məlumatları araşdırmaq üçün komissiya yaradıb.
Samur çayının su ehtiyatlarından istifadə barədə razılaşma 2010-cu ilin sentyabrında Rusiya prezidenti Dmitri Medvedyevin Bakıya səfəri zamanı imzalanıb. Bu razılaşmaya görə Samur çayının su ehtiyatlarının istifadəsi Rusiya və Azərbaycan arasında bərabər bölünüb.
Lakin Dağıstanda bu bölgüdən narazı qalanlar var. Xəbərə görə Samur, Tahirkənd, Bilbil, Çax-Çax Qazmalar və Qapir-Qazmalar kəndlərinin rəhbərləri Rusiyanın baş naziri Dmitri Medvedyevə və Dağıstan hökumətinin rəhbəri Abdulsamid Həmidova müraciət göndərərək Samur çayının su ehtiyatlarının "Azərbaycanla Dağıstan arasında ədalətli bölgüsünün bərpa edilməsini” xahiş ediblər.
Müraciətdə deyilir ki, hazırda Rusiya Samur çayından suyun götürülməsini nəzarətdə saxlamır. Çayın su ehtiyatlarının 95 faizi Dağıstan ərazisində cəmləşib və Azərbaycan Samurun su ehtiyatlarının 90 faizə yaxınını götürür. Çayın su ehtiyatlarının 30.5 faizinin təbii ekosistemin saxlanılması üçün toxunulmaz qalmasına dair razılaşmaya əməl edilmir. Kəndlərin şikayətinə görə nəticədə iyulun ortalarından başlayaraq çayın məcrasında su kəskin azalıb və sahilboyu Dağıstan kəndləri kəskin su qıtlığı ilə üzləşib.
Dağıstanın Məhərrəmkənd rayon sovetinin deputatı Maqomedhənifə Behbudov deyib ki, dünən o çayın sahili ilə gedəndə böyük Samur çayından əsər-əlamət qalmadığını görüb. "Adamlar bağ-bostanlarını suvarmağa su tapmır. İnsanlar mənim yanıma şikayətə gəlirlər. Aydındır ki, bu qış dağlarda qar az deyildi, deməli suyun hamısını Azərbaycan götürür” deyə deputat bildirib.
Lakin Dağıstanın su ehtiyatları idarəsində deyirlər ki, Samur çayından suyun götürülməsinə sutka boyu nəzarət edilir. "Su beynəlxalq razılaşmalar əsasında bölüşdürülür, 30.5 faiz ekosistemin qorunması üçün saxlanılır, qalanı yarı bölünür. Su hövzəsində Rusiya Federasiyası tərəfdən sutka boyu növbətçilik var” deyə idarənin ərazi şöbəsinin rəisi Qazımaqomed Kuramaqomedov bildirib. Bununla belə Kuramaqomedov deyib ki, çayın aşağı hissəsindən Azərbaycanın sanksiyalaşdırılmamamış su götürdüyünə dair məlumat var. Dağıstanın təbii ehtiyatlar və ekologiya Nazirliyindən isə təsdiqləyiblər ki, hökumət bu informasiyaları araşdırmaq üçün komissiya qurub.Azərbaycan tərəfi Dağıstan sakinlərinin bu narazılığı ilə bağlı hələ şərh verməyib.
.