Dağıstan prezidenti Ramazan Abdulatipov Dərbəndin 2000 illik yubileyi tədbirlərində iştirak etmək üçün bu şəhərə gəlmiş yəhudi nümayəndə heyətinin üzvlərini respublikadan qovub.
Virtualaz.org saytı "Ynet” agentliyinə istinadən xəbər verir ki, İsraildən Dərbəndə çoxsaylı nümayəndə heyəti gəlibmiş.
Nümayəndə heyətinin tərkibinə Xadera şəhəri merinin müavini Roman Gişer, Or-Akiva şəhərinin sabiq meri Simxa Yusifov, Xaderadakı Qafqaz icmasının rəhbəri Natan Lavayev, habelə heyətin rəhbəri, Xaderanın yeni meri Tsvika Gendelman daxil idi.
Məlumata görə, İsraildən gələn qonaqları Dağıstanda əvvəlcə çox mehribanlıq və qonaqpərvərliklə qarşılayıblar. Onlar dağ yəhudilərinin Dərbəndə verdiyi töhfələrə həsr olunmuş müxtəlif toplantı və tədbirlərdə iştirak ediblər.
Lakin yerli mətbuatın və bloggerlərin yazdığına görə, bütün bu səmimiyyət və qonaqpərvərlik jestləri Dağıstan prezidenti Ramazan Abdulatipovun Dərbəndə gəlişinə qədər davam edib. Abdulatipov Dərbəndə gələn kimi israilliləri "şəhərdən yığışdırmağı və bütün otel nömrələrini öz qonaqları üçün hazırlamağı” əmr edib.
Dərbənd rəhbərliyindən T.Gendelmana qəfildən deyilib ki, İsrail nümayəndə heyətinin üzvləri Dərbəndi təcili tərk etməlidir, yalnız Xadera şəhərinin meri Dərbənddə qala və tədbirlərdə iştirakını davam etdirə bilər.
Lakin sürprizlər bununla da bitməyib. İsraildən olan qonaqlar onların əşyalarının oteldən kənara atıldığını görüncə heyrətləniblər. Onlara yığışıb getməyi təklif ediblər.
T.Gendelman bayram tədbirlərinə təkbaşına qatılmaqdan imtina edib. Nümayəndə heyəti Dağıstandan Moskvaya qayıdıb. Gendelman isə İsrailin Rusiyadakı səfirliyinə şikayət edib.
Xəbərə görə, bu insident İsrailin baş naziri Netanyahunun Moskvaya səfərindən cəmisi iki gün qabaq baş verib. Ona görə də İsrail səfirliyi bu insidenti ört-basdır etməyə üstünlük verib. İsrail diplomatları bu hadisəni anti-İsrail addım kimi yox, "hansısa yerli "razborka”nın nəticəsi” kimi qiymətləndirib.
.