“Hazırda Bakıda D-8-in ilk media forumu keçirilir. Forumun məqsədi D-8-ə üzv dövlətlərin media subyektləri arasında əməkdaşlığın gücləndirilməsi, media təhlükəsizliyinin beynəlxalq və regional səviyyədə inkişafına dəstək göstərilməsi, dezinformasiya ilə mübarizə və rəqəmsal mühitdə qarşılıqlı əməkdaşlıq platformalarının yaradılmasıdır”.
Bunu jurnalistlərə açıqlamasında Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib.
O bildirib ki, D-8 çərçivəsində Media Mükəmməllik Mərkəzinin yaradılması fonunda strateji plan müzakirə olunur: “Media Mükəmməllik Mərkəzinin yaradılması Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və təşkilatın Baş katibinin ölkəmizə səfəri zamanı verdiyi tövsiyə əsasında başlanıb. Hazırda Media Mükəmməllik Mərkəzinin strateji planı forum iştirakçılarına təqdim edilib. Günün sonuna qədər ekspertlər mərkəzin gələcək fəaliyyət istiqamətləri üzrə işlərini davam etdirəcəklər”.
Əhməd İsmayılovun sözlərinə görə, müzakirələr göstərir ki, üzv dövlətlər belə bir media forumunun keçirilməsini yüksək qiymətləndirir və onun illik əsasda təşkil olunmasını dəstəkləyən müvafiq bəyanatlarla çıxış edirlər: “Media Mükəmməllik Mərkəzinin yaradılmasında əsas məqsəd D-8 ölkələri arasında media sahəsində əməkdaşlığın inkişafı, dezinformasiya və saxta xəbərlərlə mübarizənin gücləndirilməsi, media kadrlarının peşəkar hazırlığının yaxşılaşdırılması və birgə layihələrin həyata keçirilməsidir”.
.
