Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə zərərçəkmiş şəxs qismində "Real" MTK-nın həbsdə olan rəhbəri İlham Qasımov ifadə verib. O, məhkəmədə dindirilən zaman istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini, qohumunun toyunda MTN əməkdaşlarının restorana gəldiklərini deyib: "Toy zamanı maskalı MTN əməkdaşları restorana gəldi və orada olan hər kəs qorxdu. Toyda olan videogörüntüləri MTN əməkdaşları məhv etdilər".
Günün ikinici yarısında davam etdirilən prosesdə zərərçəkmiş İ.Qasımovun istintaq zamanı verdiyi ifadə elan olunub.
Daha sonra məhkəmədə A.Çovdarovun vəkilləri onun ifadələri arasında ziddiyyət olduğunu bildiriblər. Müdafiçilər zərərçəkmişə suallar veriblər. O, ona ünvanlanan suallara "xatırlamıram" cavabını verərək bildirib ki, A.Çovdarovla aralarında telefon danışığı olub: "Biz isə məhkəmədə qeyd etdik ki, həmin şəxslər arasında telefon danışıqları olmayıb. İlham Qasımov düzgün danışmır".
Məhkəmənin növbəti iclası aprelin 10-na təyin edilib.

.