"Bu günlər ərzində COP29 Prezidentliyi tərəflər arasında fikir ayrılıqlarının aradan qaldırılması istiqamətində intensiv fəaliyyət göstərib".
Bunu COP29 Prezidentliyinin mətbuat konfransında COP29-un Prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib.
O deyib ki, bu günkü müzakirələr nəticəsində yekun sənədin 6.8-ci bəndi üzrə razılıq əldə edilib:
"Bu, irəliyə atılmış addım olsa da, hələ problemlərimiz qalmaqdadır. Mənə deyirlər ki, bir çoxu danışıqların taleyindən narahatdırlar. İcazə verin deyim ki, mən də tərəflərin mövqeyinin yaxınlaşmamasından narahatam. Artıq bir qədər sürətli addımlar atılmasının vaxtıdır. Hesab edirəm ki, siyasətçilər bu məsuliyyəti üzərlərinə götürməlidir. Onlar razılaşmanı konstruktiv dialoq şəraitində əldə etməlidirlər. Braziliya və Böyük Britaniyanı da aparılan müzakirələrdə bizə dəstək verməyə çağırırıq. Biz Yeni Kollektiv Kəmiyyət Hədəfi sənədinin 25 səhifəsini müzakirə etmişik, amma hələ görüləcək işlər çoxdur. Ona görə də nazirləri əsas siyasi fikir ayrılıqları üzrə razılığa gəlməyə çağırırıq. Hazırda üç əsas məsələ üzrə müzakirələr davam etdirilir. Bunlar: yekun sənədin strukturu, həcmi və verəcyi töhfələrlə bağlı məqamlardır. Bizim məqsədimiz razılaşmaya nail omaqdır. Bu həftə ərzində G20 ölkələrinin növbəti sammiti başlayacaq. Onların iştirakı Paris Razılaşmasının bütün müddəaları üzrə konsensus əldə olunması mühüm önəm daşıyır".
.