Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vatikana rəsmi səfəri çərçivəsində Müqəddəs Taxt-Tacın Dövlətlər və Beynəlxalq Təşkilatlarla Əlaqələr üzrə katibi arxiyepiskop Pol Riçard Qallaher ilə görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Tərəflər inkişaf etməkdə olan Azərbaycan–Vatikan münasibətlərini nəzərdən keçirərək, konstruktiv dialoqu, qarşılıqlı hörməti və dinlərarası anlaşma ilə qlobal sülh təşəbbüslərinin təşviqi sahəsində fəal əməkdaşlığı məmnunluqla qeyd ediblər.
Siyasi dialoqun daha da gücləndirilməsi, mədəni və humanitar əlaqələrin genişləndirilməsi, eləcə də birgə beynəlxalq layihələrin irəlilədilməsi baxımından yüksək səviyyəli təmasların davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Görüşdə Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikanda həyata keçirilmiş mühüm bərpa və mühafizə layihələri də müzakirə olunub və bu təşəbbüslər dünya dini və mədəni irsinin qorunmasına əhəmiyyətli töhfə kimi qiymətləndirilib.
Azərbaycanın həm ölkə daxilində, həm də qlobal miqyasda dini abidələrin qorunması və multikulturalizmin təşviqinə dair uzunmüddətli öhdəliyi xüsusi qeyd edilib. Həmçinin Azərbaycan–Ermənistan normallaşma prosesi, Vaşinqton Sammitinin tarixi razılaşmalarının icrası, eləcə də işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində əldə olunan irəliləyiş diqqət mərkəzində olub.
.
