Bu gün Avropa İttifaqının (Aİ) üzv ölkələri, Avstriya Respublikasının xarici işlər naziri Aleksandr Şallenberq, Litva Respublikasının xarici işlər naziri Qabrielius Landsberqis və Rumıniya Respublikasının xarici işlər naziri Boqdan Aureskunun rəhbərliyi altında nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində nazir Ceyhun Bayramovun qarşı tərəflə görüşü keçirilib.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən verilən xəbərə görə, görüşdə Azərbaycan tərəfindən, həmçinin Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev iştirak edib.

Görüşdə tərəflər münaqişə sonrası bölgədə mövcud olan vəziyyət ətrafında geniş fikir mübadiləsi aparıblar.

Azərbaycan tərəfi bölgədə mövcud olan cari vəziyyət, azad olunmuş ərazilərdəki dağıntıların miqyası, mina təhlükəsi, həyata keçirilən quruculuq və bərpa işlər barədə məlumat verib. Azərbaycanın üçtərəfli bəyanatın icrası ilə əlaqədar həyata keçirdiyi tədbirlər, o cümlədən humanitar sahədə görülən işlərdən bəhs edilib.

Azərbaycanın dialoqa və beynəlxalq təşkilatlarla əməkdaşlığa hər zaman əhəmiyyət verdiyi vurğulanıb. BMT-nin müvafiq qurumlarının Azərbaycanın azad edilmiş ərazilərinə missiyalarını qəbul etməyə hazır olduğumuz, UNESCO və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığından bununla bağlı cavab gözlədiyimiz qarşı tərəfin diqqətinə çatdırılıb.

Tərəflər cari vəziyyətdə bölgədə sülh və dayanıqlı inkişafın təmin edilməsi yolları, o cümlədən etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi, birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsi imkanlarını müzakirə ediblər.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələlər müzakirə edilib.

***

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Litva, Avstriya və Rumıniya XİN başçıları ilə görüşüb.

Bu barədə Azərbaycan XİN başçısı "Twitter"də bildirib.

“Azərbaycanda səfərdə olan Avstriya xarici işlər naziri Şallenberq, Rumıniya xarici işlər naziri Auresku və Litva xarici işlər naziri Landsberqis ilə maraqlı fikir mübadiləsi apardıq. Regional təhlükəsizlik məsələləri, əməkdaşlıq perspektivləri və Aİ ilə əlaqələr barədə danışdıq”, - Ceyhun Bayramov qeyd edib.

.