Xarici siyasət və diplomatiya sahəsində Azərbaycanla Türkiyə Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” və Qazi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” deyimləri əsasında inkişaf edir.

Bunu Ankarada XIII Səfirlər Konfransında çıxışı zamanı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

O qeyd edib ki, Türkiyənin Azərbaycanı İkinci Qarabağ müharibəsində dəstəkələməsi onun doğru və haqqın yanında durduğunun təzahürü idi.

Nazir əlavə edib ki, iki ölkənin hələ gedəcək yolu, nail olacağı məqsədləri var:

“Təəssüflə qeyd edim ki, son illər beynəlxalq hüquq və normaların icraatında ciddi çatışmazlıqlar var. Beynəlxalq hüquq və normalara, qəbul edilən qərarlara zidd olaraq, 30 il əraziləri işğal altında olan dövlətin təmsilçisi kimi deyə bilərəm ki, beynəlxalq hüquqa riayət olunmada zəifliklər mövcud beynəlxalq sistemə etimadı sarsıdan birinci və ən əsas amildir”.

Ceyhun Bayramov: Hərbi münaqişələr bəşəriyyəti qorxunc ssenarilərlə qarşı-qarşıya qoyur

Soyuq müharibədən sonra qloballaşma tendensiyası müsbət proseslərlərlə yanaşı təhdid konsepsiyasını yenidən şəkilləndirərək, genişlətmiş və şaxələndirmişdir.

Bunu Ankarada XIII Səfirlər Konfransında çıxışı zamanı Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov deyib.

O qeyd edib ki, təhdid termini dövlətlərarası münaqişələrlə məhdudlaşmayaraq, beynəlxalq sərhədləri tanımayaraq, transmilli və beynəlxalq təhdidləri də özündə əks etdirir.

“Hər kəsə aydındır ki, artıq heç bir dövlət ənənəvi yeni növ təhdidlərlə tək başına mübarizə aparmaq iqtidarında deyil. Təsadüfi deyil ki, beynəlxalq münasibətlərin təməlini təşkil edən ərazi bütövlüyü, suverenlik, müstəqillik, bir-birilərinin daxili işlərinə qarışmamaq və digər prinsiplərə bütün ölkələr tərəfindən eyni məsuliyyətlə yanaşılsaydı bu gün bir çox münaqişə və ədalətsizliklərin qarşısı alınardı”, - deyə o bildirib.

Nazirin sözlərinə görə, həm iqlim dəyişikliyi, həm də hərbi münaqişələr və onların iqtisadi nəticələri bəşəriyyəti qida qıtlığı kimi qorxunc ssenarilərlə qarşı-qarşıya qoyur: “Bu gün Ukrayna ətrafında yaşanan hadisələr ciddi narahatlıq yaradır və bir daha beynəlxalq sistemin bütün aktorlarına xatırladır ki, dünyanın istənilən bir yerində baş verənlər hər birimizə təsir edir”.

XİN rəhbəri: Türkiyənin uğurlarını öz uğurumuz kimi qəbul edirik

Türk diplomatları bütün beynəlxalq təzyiq və təhdidlərə baxmayaraq Azərbaycanlı məsləkdaşları ilə birlikdə bütün platformalarda çiyin-çiyinə çalışaraq haqlı sözümüzün dünyada eşidilməsi üşün ciddi mübarizələr apardılar.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Ankarada XIII Səfirlər Konfransında çıxışı zamanı Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov deyib.

O qeyd edib ki, dünyanın 5-ci ən geniş diplomatik şəbəkəsinə malik türk diplomatik nüməyəndəlikləri Türkiyənin gücünə güc qatır.

“Türkiyə bir çox sahədə olduğu kimi, diplomatiyada da yeniliklərin inkişafı və tətbiqi məsələsində qabaqcıl ölkələrdən birinə çevirilmişdir. Türkiyənin diplomatiyada mərkəzi ölkəyə çevirilməsini sevinc və fəxr hissi ilə qarşılayır, uğurlarını öz uğurumuz kimi qəbul edirik”, - deyə o vurğulayıb.

.