“Bu gün qırğız həmkarıma Vətən müharibəsindən sonra regionda yaranmış yeni vəziyyət və çağırışlarla bağlı məlumat verdim”.

Bunu bu gün Azərbaycanda rəsmi səfərdə olan Qırğız Respublikasının xarici işlər naziri Ruslan Kazakbayevlə geniş tərkibli görüşdən sonra keçirilən brifinqdə xarici işlər naziri Ceyhun Bayramov deyib.

XİN başçısı qeyd edib ki, 30 illik işğala son qoyulduqdan, Azərbaycanın ərazi bütövlüyünü bərpa ediləndən sonra qarşıda duran əsas vəzifə yenidənqurma işlərinin həyata keçirilməsi, yüz minlərlə azərbaycanlının həmin bölgələrə qayıtması və onlar üçün layiqli həyat şəraitinin yaradılmasıdır: “Bu sahədə əməkdaşlıq məsələsi müzakirə olundu. Qarşımızda duran əsas təhlükə və çağırışlar barədə də fikirlərimizi bölüşdüm. Əsas təhlükə mina məsələsi ilə bağlıdır. Bu ərazilər uzun illər minalanıb. Son 7 ayda 28 vətəndaşımız həlak olub, 100-dən artıq vətəndaşımız yaralanıb. Ermənistan mina xəritələrini verməkdən imtina edirdi. Beynəlxalq vasitəçilərin iştirakı ilə yalnız Ağdam rayonu üzrə mina xəritələri təqdim edilib. Təkcə bu rayonda 97 min mina var. Bu, mina probleminin nə dərəcədə ciddi olduğunu göstərir. Mən bu problemlə əlaqədar də həmkarıma məlumat verdim”.

Nazir: “Ermənistanın Oxçuçayı çirkləndirməsi tək Azərbaycan deyil, İran üçün də böyük problem yaradır”

“Azərbaycanın işğal altındakı ərazilərində su terroru həyata keçirilib, suyun vacib olduğu yay aylarında çay axının qarşısı alınıb, qış aylarında ilə su buraxılıb və sel yaranıb”.

Bunu bu gün Azərbaycanda rəsmi səfərdə olan Qırğız Respublikasının xarici işlər naziri Ruslan Kazakbayevlə geniş tərkibli görüşdən sonra keçirilən brifinqdə xarici işlər naziri Ceyhun Bayramov deyib.

XİN başçısı bildirib ki, 54 min hektardan çox meşə ərazisi qırılıb: “Bu, işğaldan azad edilmiş ərazilərdəki meşələrin 20 faizini təşkil edir. 31 mədən sahəsinin istismarı faktı aşkarlanıb”.

C. Bayramov qeyd edib ki, Ermənistan ərazisindəki mis-molibden zavodunun tullantıları təmizlənmədən Oxçuçaya axıdılıb: “Bu, böyük miqyaslı problemdir. Çünki Oxçuçay Araz çayına tökülür və tək Azərbaycan deyil, İran üçün də böyük problem yaradır. Biz bu məsələyə ciddi reaksiya verilməsini tələb edirik. Ermənistanın məsuliyyətdən yayınması mümkün olmayacaq. Eyni zamanda, Ermənistanda fəaliyyət göstərən xarici şirkətlərə müraciət edir, onlardan əməli tədbirlərin görülməsini tələb edirik”.

Ceyhun Bayramov Ermənistana dialoqla bağlı çağırış edib

“Qonşu dövlətlərə qarşı hansısa əsassız tələblərin irəli sürülməsinin anlamı yoxdur”.

Bunu bu gün Azərbaycanda rəsmi səfərdə olan Qırğız Respublikasının xarici işlər naziri Ruslan Kazakbayevlə geniş tərkibli görüşdən sonra keçirilən brifinqdə xarici işlər naziri Ceyhun Bayramov deyib.

XİN başçısı bildirib ki, əgər Ermənistanda hələ də belə düşüncədə olanlar varsa, bugünkü duruma bir daha nəzər salmalı, bunun Ermənistana nə verdiyini görə bilərlər: “Biz uzun illər deyirdik ki, təcavüz siyasətinin sonu yoxdur”.

Nazir iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiya prosesinin əhəmiyyətinə də toxunub.

C. Bayramov qeyd edib ki, Ermənistan mina xəritələrini təqdim etməlidir: “İki gün əvvəl bu bölgədə 3 erməni də minaya düşüb, aralarında ölən və yaralananlar var. Ekoloji problemlə gəlincə, Oxçuçay ciddi təhlükə mənbəyidir, Ermənistan çayı çirkləndirir. Ermənistanda anlamalıdırlar ki, özlərinə, öz ərazilərinə vurduqları ziyan qonşu ölkəyə vurduqları ziyandan az deyil. Biz bu məsələlərə qısa müddətli deyil, daha geniş miqyaslı baxmağa çağırırıq. Ona görə də bu məsələlərdə dialoqun alternativi yoxdur. İnanırıq ki, Ermənistanda qurulacaq yeni hökumətin nümayəndələri də bu qənaətə gələcəklər”.

.